“Rus sülhməramlılarının Qarabağ ərazisinə hansı oyunlar sonrası girdiyi hamıya bəllidir. Odur ki, sülhməramlılardan nəsə gözləməyin özü sadəlövhlükdür. Azərbaycan onların Qarabağa gəliş səbəblərini də, gələcək planlarını da yaxşı başa düşür. 10 noyabr 2020-ci il müqaviləsinin şərtlərindən irəli gələn missiyasını da yerinə yetirəcəyinə inanacaq deyilik. Sadəcə rəsmi Bakı məqamı gələndə nə edəcəyini yaxşı bilir”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Azər Qasımov deyib.
Analitik bildirib ki, Rusiya Qarabağdakı ermənilərə öz aləmində gələcək üçün planlar cızır:
“Ordumuzun atəşə tutulması, təxribatçı əməllər də bu planın tərkib hissəsidir. Demək istəyirlər ki, gərginlik hələ yerindədir və rus sülhməramlılarına burda ehtiyac var.
Cənab Prezidentin də bəyan etdiyi kimi rus sülhməramlıları Qarabağda müvəqqətidirlər. Artıq iki il yarımdan sonra onların taleyinə aydınlıq gətiriləcək və bundan altı ay sonra böyük ehtimalla, Qarabağı tərk edəcəklər. Bu müddətə kimi Azərbaycan onların oyunlarına səbrlə dözüm göstərməlidir. Amma bu, o demək deyildir ki, onlar istədiklərini edə biləcəklər. Azərbaycan Rusiyadan müqavilənin şərtlərinə əməl etməyi tələb etməlidir. Bu, ona görə lazımdır ki, Rusiya bu şərtlərə əməl etməsə, vaxtı çatanda onların Qarabağdan çıxarılmasına əlimizdə səbəb olsun. Beş il öhdəliyini yerinə yetirə bilməyən bir sülhməramlı yenidən orda qala bilməz. Ara-sıra da ermənilərə qulaqburması verilməsi isə mütləq olmalıdır. Rus sülhməramlıları Qarabağdan çıxdıqdan sonra isə problem kökündən həll olacaq”.
//Gülnarə Abasova, Editor.az

