“Ermənistanın bu günə qədər yeritdiyi siyasətdə həmişə düşmənçilik, terrorçuluq, digər ölkələrin ərazilərinə gözdikmə kimi amillər müşahidə edilir”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov Rusiya mediasında son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusuna qarşı təxribatlarının artmasında “Qarabağ klanı” ilə yanaşı Rusiya hərbiçilərini əvəz etmək istəyən ABŞ-ın da rolu olması ilə bağlı səsləndirilən iddialara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan tarix boyu eyni siyasəti davam etdirib:
“Həmişə böyük güclərin əlində alət rolunu oynayıb, “maşa” olub. Tarix boyu hər hansı ərazidə mövcud olan erməni toplumundan məkrli niyyətlər üçün istifadə olunub. Onlar üçün ermənilər ən yaxşı obyektdir. Müharibədən öncəki 30 il ərzində işğalçılıq siyasəti yürüdən ermənilərə 44 günlük Vətən müharibəsində layiqli cəza verildi və Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz dünya ermənilərinin başını əzdi. Ermənistan yaxşı başa düşür ki, qarşısında çox güclü Azərbaycan var. Heç vaxt qalib gələ, üstün ola bilməyəcəkləri ölkə var. Ona görə də digər üsullara əl atırlar. Rusiya, ABŞ, Fransa və İranın əlində rəsmi İrəvan oyuncaq rolunu oynayır”.
Deputatın fikrincə, Qarabağdan erməni separatçılarının hələ də çıxarılmamasının əsas günahkarlarından biri də 10 noyabr bəyannaməsinin 4-cü müddəasını yerinə yetirməyən Rusiyadır:
“Təxribatların bir neçə məqsədi ola bilər. Sülh danışıqlarına gedən yolda ləngimə, Rusiya-Ukrayna müharibəsinin sonunu uzatmaq, barışmazlıq mövqeyi göstərmək, böyük güclərin istəklərini reallaşdırmaq cəhdləri buna misaldır. Bu kimi əməllərin qarşısını da Azərbaycan layiqincə alır. Ermənistanda normal düşünə bilən siyasətçilər varsa, başa düşməlidirlər ki, hər hansı qüvvənin maraqlarına xidmət etmək İrəvana yalnız zərər verəcək. Bu siyasət sonda Ermənistanı uçuruma aparacaq”.
//Safura Bənnayeva, Editor.az

