Rusiya hakimiyyəti ümid edir ki, prezident Xavyer Miley Argentinada hakimiyyətə gəlməklə bu ölkə münaqişə zonalarına hərbi texnika göndərməkdən imtinaya davam edəcək.
Editor.az bildirir ki, bunu Rusiyanın Argentinadakı səfiri Dmitri Feoktistov deyib.
Dekabrda “Noticias Urbanas” portalı Argentinanın yeni hökumətinin Rusiyadan aldığı iki Mi-171E nəqliyyat vertolyotunu Ukraynaya vermək istədiyini bildirmişdi.
Feoktistovun sözlərinə görə, Argentina hakimiyyəti bu barədə rəsmi açıqlama vermir. Səfir aydınlaşdırıb ki, bu helikopterlər argentinalılar tərəfindən Antarktika əməliyyatlarında istifadə olunub, lakin hazırda onlar işləmir və əsaslı təmir tələb olunur.
“Bu, məsələnin mahiyyətini dəyişmir: biz onların Rusiyanın rəqiblərinə verilməsinin qəti əleyhinəyik.
Üstəlik, bu, Argentinanın son istifadəçi sertifikatı kontekstindəki öhdəliklərinə də zidd olardı”, – Dmitri Feoktistov vurğulayıb. Xatırladaq ki, dekabrın 10-da Ukrayna prezidenti Vladimir Zelenski Moskva ilə münaqişədə Kiyevə dəstək verən Xavyer Mileyin andiçmə mərasimində iştirak edib. İki ölkə liderləri ikitərəfli görüş də keçiriblər.
Miley bu vəzifəyə seçildikdən sonra Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Argentinada konfrans keçirməyi təklif edib.
//Samir Qurbanov, Editor.az

