“Azərbaycan Ordusunun qalibiyyətlə yekunlaşan 44 günlük Vətən müharibəsi və bir gün davam edən uğurlu antiterror əməliyyatı qlobal və regional anlamda hərbi-siyasi balansı qəti şəkildə Azərbaycanın xeyrinə köklü formada dəyişdi. Belə bir şəraitdə Cənubi Qafqazda yeni geopolitik durum yarandı ki, regionda marağı olan dövlətlər də öz siyasətlərini yenidən dizayn etmək zərurəti hiss etdilər”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, Ukrayna uğrunda Qərblə girdiyi qanlı və ağır savaş Rusiyanın Cənubi Qafqazda varlığını ciddi təhlükə altına alır:
“Rusiya bu regionda Azərbaycanın tək güc olması ilə hesablaşmaq məcburiyyətindədir. Rusiya rəsmilərinin son vaxtlar verdikləri açıqlamalardan da bunu aydın sezmək olar. Eyni zamanda Fransa xaric Qərbdə də anlamağa başlayıblar ki, Azərbaycanın haqlı tezisləri ilə razılaşmadan, hesablaşmadan Qafqazda özlərinin siyasi-iqtisadi, daha dəqiq enerji təhlükəsizliyini təmin etmək mümkün olmayacaq. Qarabağ məsələsi həll edildikdən sonra Ermənistanın, xüsusən Zəngəzur bölgəsinin bir coğrafiya olaraq geopolitik önəmi ortaya çıxdı. ABŞ və Rusiya arasında əsas rəqabət meydanı da məhz bu bölgə olacaq.Əminəm ki, bu geopolitik oyunda da qaydaları Azərbaycan-Türkiyə ittifaqı müəyyənləşdirəcək. Hər iki qardaş dövlət başçılarının bu yaxınlarda Naxçıvanda keçirilən görüşü və bu görüşdə verilən mesajlar da deməyə əsas verir ki, Zəngəzur koridoru məhz ölkələrimizin maraqları çərçivəsində açılacaq”.
//Gülnarə Abasova, Editor.az

