Rusiya-Azərbaycan gərginliyində diplomatiya ilə məsuliyyət arasında: Barışın açarı kimdədir?backend

Rusiya-Azərbaycan gərginliyində diplomatiya ilə məsuliyyət arasında: Barışın açarı kimdədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Azərbaycan arasında son aylar müşahidə olunan siyasi gərginlik sadəcə iki ölkə arasındakı taktiki anlaşılmazlıq deyil, həm də regionun gələcək geosiyasi sabitliyi üçün ciddi siqnal hesab olunur. Moskvanın təyyarə qəzası ilə bağlı sərgilədiyi diplomatik ehtiyatkarlıq, Bakının isə hüquqi əsaslara və siyasi ləyaqətə söykənən daha konkret mövqe nümayiş etdirməsi tərəflər arasında balansı pozmuş görünür. Bu gərginliyin azaldılması üçün təkcə diplomatik vasitəçilik deyil, həm də real təsir imkanına malik oyunçuların prosesə cəlb olunması qaçılmazdır.

Mövzu ilə bağlı Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Rusiya–Azərbaycan münasibətlərində yaranmış gərginlik fonunda barışıq imkanları real siyasi riyaziyyat çərçivəsində ölçülür:

“Moskva hələ də diplomatik formalizmlə kifayətlənir, Bakı isə konkret üzrxahlıq və kompensasiya tələb edir. Bu, sadəcə jest deyil – beynəlxalq hüquqa və dövlət suverenliyi prinsipinə əsaslanan əsaslı tələbdir. Hadisənin hərbi təyyarə qəzası ilə bağlı olması isə məsuliyyət yükünü daha da artırır. Azərbaycan üçün bu, həm də siyasi ləyaqət və dövlət nüfuzu məsələsidir.

Barışdırıcı ölkə axtarışı yalnız vasitəçiliklə məhdudlaşmır. Bu prosesdə Rusiyaya real təsir edə biləcək güclərin iştirakı vacibdir. Bu baxımdan Türkiyə ən real oyunçudur. Çünki həm Bakının strateji müttəfiqidir, həm də Rusiya ilə dərin siyasi və iqtisadi münasibətləri var. Çin neytral mövqeyi və iqtisadi çəkisi ilə prosesdə iştirak edə bilər, lakin tarixi və emosional yaxınlıq baxımından arxa planda qalır. Səudiyyə Ərəbistanı isə əsasən regional güc balansında rol oynasa da, bu prosesdə həlledici tərəf olmaq potensialına malik deyil”.

“Rusiya çox güman ki, barış üçün üzrxahlıq etmədən də dialoqa keçmək istəyəcək. Lakin bu yanaşma Azərbaycanın həm ictimai gözləntiləri, həm də geosiyasi maraqları ilə ziddiyyət təşkil edir. Əgər vasitəçi ölkə – xüsusilə Türkiyə – qarşılıqlı etimad və güzəşt əsasında razılaşma modelini təşviq edə bilsə, gərginlik nəzarət altına alına bilər. Əks təqdirdə, münasibətlərdəki soyuqluq uzunmüddətli strateji tərəfdaşlığa ciddi zərbə vuracaq”,- sonda T. İsmayılov bildirib.

 

//Gülnarə Abasova, Editor.az