Tarix sübut edib ki, dövlətlər arasında münasibətləri yalnız diplomatik bəyanatlar deyil, real siyasi maraqlar və milli mövqelərin sabitliyi müəyyən edir. Rusiya və Azərbaycan arasındakı əlaqələr də bu baxımdan həm çoxşaxəli, həm də mürəkkəb xarakter daşıyır. İki yüz illik münasibətlərin fonunda bu əlaqələrdə həm əməkdaşlıq dövrləri, həm də gərginlik və faciələrlə yadda qalan mərhələlər olub.
Bu gün regionda dəyişən geosiyasi reallıqlar fonunda Rusiya ilə Azərbaycan münasibətləri yenidən strateji sınaq mərhələsinə qədəm qoyub.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Rusiya-Azərbaycan münasibətləri iki yüz illik tarixə əsaslansa da, bu münasibətlərdə daim ziddiyyətli mərhələlər müşahidə olunub:
“Tarix boyu Rusiya ilə münasibətlərdə isti dövrlərlə yanaşı, çox faciəli və gərgin məqamlar da yaşanıb. Bu isə hər zaman Rusiyanın imperial maraqlarından irəli gəlib. Xüsusilə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Moskvanın Ermənistana silah yardımı göstərməsi, separatizmi dəstəkləməsi və siyasi-iqtisadi təzyiqlər vasitəsilə təsir imkanlarını artırmaq cəhdləri münasibətləri gərginləşdirib”.
Politoloq qeyd edib ki, Azərbaycan dövlətinin və xüsusilə Prezident İlham Əliyevin apardığı dəqiq və praqmatik xarici siyasət, 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatında əldə edilən qələbələr nəticəsində “dost olmayan qüvvələrin” təzyiq mexanizmləri tamamilə puç olub: “Azərbaycanın qətiyyətli siyasəti nəticəsində Rusiya da artıq regionda öz davranış modelinə yenidən baxmağa məcbur olub”.
əmçinin ötən ilin 24 dekabrında baş vermiş Rusiya hərbi qüvvələri tərəfindən Azərbaycanın mülki təyyarəsinin vurulması hadisəsini iki ölkə münasibətlərində dönüş nöqtəsi adlandırıb:
“Həmin faciə nəticəsində günahsız azərbaycanlıların həlak olması və yaralanması, eləcə də Rusiyada yaşayan həmvətənlərimizə qarşı sonradan baş verən təzyiqlər təbii olaraq cəmiyyətdə haqlı narazılıq doğurdu. Azərbaycan bu hadisəyə dərhal reaksiya verərək rəsmi üzr, cinayətin etirafı və kompensasiyaların ödənilməsini tələb etdi”.
Ekspertin fikrincə, rəsmi Moskvanın bu tələbləri qəbul etməkdə tərəddüd göstərməsinə baxmayaraq, Azərbaycan Prezidentinin prinsipial mövqeyi nəticəsində Düşənbədə keçirilən beynəlxalq tədbirdə Rusiya rəhbərliyi məsuliyyəti etiraf etməyə məcbur qalıb: “Rusiya anlayır ki, Azərbaycan kimi strateji tərəfdaşı itirmək, xüsusilə Ukrayna böhranı fonunda, onun üçün çox ciddi siyasi və iqtisadi nəticələr doğura bilər. Qafqazda əlavə gərginlik Moskva üçün intihara bərabər olardı. Artıq Kreml reallığı qəbul edir və Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq niyyətindədir. Rusiya nəhayət başa düşməlidir ki, regionda sabitlik və təhlükəsizliyin əsas dayağı Azərbaycandır. Bu reallığı görməməzlikdən gəlmək öz maraqlarına zərbə vurmaq deməkdir”.
// Gülnarə Abasova, Editor.az

