“Rusiya rəsmilərinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi və bitərəf mövqe tutaraq doğruları söyləməsi müsbət haldır”.
Bunu Editor.az-a politoloq Ramiz Alıyev Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamasında “Moskva humanitar yüklərin Ağdam marşrutu ilə maneəsiz buraxılmasının tərəfdarıdır”,-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın çıxışı zamanı Rusiyanın regionda mövcud problemləri həll edə bilməməsi istiqamətində səsləndirdiyi fikirlər rəsmi Moskvanın nüfuzuna zərərdir:
“Buna görə də Rusiya məcbur qalıb bu cür bəyanatlar verərək Ermənistana mesaj verir. Rəsmi Moskvanın regionda öz maraqları var. Əsrlər boyu ermənilərdən alət kimi istifadə edib və çox yaxşı bilirlər ki, ermənilər tarixən özlərinə arxa-dayaq duranları satıb. Ermənistanın dostluğu yeni bir dost tapana kimidir. Rusiya da bunu vaxtında düzgün dəyərləndirməliydi”.
Politoloqun fikrincə, Ermənistan rəsmiləri son vaxtlarda Rusiya ilə bağlı kəskin fikirlər səsləndirirlər:
” Qərbin dəstəyi ilə yola davam edəcəklərini bildirirlər. Rusiya da əsrlər boyu alət kimi istifadə etdiyi ermənilərdən asanlıqla əl çəkmək istəmir. Ağdam-Xankəndi yolundan istifadə edərək yardımların aparılması çox doğru addımdır. Həqiqətən də problem humanitar yardımların daşınmasındadırsa, ən yaxşı şərait məhz Ağdam-Xankəndi yoludur. Erməni tərəfi də buna mane olmağa çalışır. Azərbaycan isə öz qətiyyətli mövqeyindən geri çəkilməyəcək”.
//Safura Bənnayeva, Editor.az