Rusiya Arktika Şurasının fəaliyyəti ölkənin maraqlarına uyğun gəlmirsə, onun tərkibindən çıxmasını istisna etmir.
Editor.az bildirir ki, bunu Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov deyib. Onun fikrincə, şura “mümkün olan ən aşağı sürətlə” fəaliyyət göstərir. Diplomatın sözlərinə görə, şuraya sədrlik edən Norveç təşkilatın işini tam formatda bərpa etmək istəyir, lakin şuranın digər üzvlərindən dəstək görmür.
“Biz ondan çıxış edirik ki, xarici siyasət manevri üçün bütün variantlarımız olmalıdır, o cümlədən Arktika Şurasının fəaliyyəti Rusiyanın maraqlarına uyğun gəlmirsə, onun tərkibindən çıxmaq lazımdır”, – deyə Korçunov RİA Novosti-yə bildirib.
Xatırladaq ki, Arktika Şurası 1996-cı ildə yaradılıb. Buraya Danimarka (Qrenlandiya və Farer adaları daxil olmaqla), İslandiya, Kanada, Norveç, Rusiya, ABŞ, Finlandiya və İsveç daxildir. Təşkilatın sədri iki ildən bir dəyişir.
//Samir Qurbanov, Editor.az

