“Rusiya bu təkliflə razılaşmayacaq”- Erməni baş nazirin yeni OYUNLARIbackend

“Rusiya bu təkliflə razılaşmayacaq“- Erməni baş nazirin yeni OYUNLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyanın Rusiyaya Zəngəzur dəhlizində monitorinq funksiyaları verilməsi ilə bağlı açıqlaması yenə də Ermənistan baş nazirin siyasi manipulyasiyalarından başqa bir şey deyil. Çünki Ermənistan sərhədçilərinin İran və Türkiyə sərhədlərindən çıxarılması ilə bağlı məsələ gündəmdədir. Heç kəsdə şübhə doğurmur ki, bu məsələ Ermənistana ABŞ, Avropa Birliyi və Fransa tərəfindən təlimat kimi əmr olunub”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Ermənistan ABŞ və Qərbin tələbi ilə Rusiya hərbçilərini İran və Türkiyə sərhədlərindən çıxartmaq məcburiyyətindədir:

“Təbii ki, belə bir situasiyada Rusiyanı çox da qıcıqlandırmamaq üçün ona Zəngəzur dəhlizində monitorinq funksiyalarının verilə biləcəyi deyilir, guya erməni baş nazir Nikol Paşinyan bununla balans yaratmağa cəhd göstərir. Əslində isə Kreml də anlayır ki, bu, absurd bir açıqlamadır. Rusiya Zəngəzur dəhlizində monitorinq funksiyalarına iddialı deyil. Çünki üçtərəfli anlaşmaya əsasən Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək hüququna malik olmalıdır. Ancaq Ermənistan baş naziri üçtərəfli anlaşmadan yayınmağa cəhd göstərir. Eyni zamanda, sənəddən imtina etmək üçün digər bütün maddələrinin qüvvədən düşdüyünü əsas göstərərək onu da bəhanə edir.

Ümumiyyətlə, Rusiya sərhədçilərinə Zəngəzur dəhlizində monitorinq funksiyalarının verilməsi o deməkdir ki, onlara Zəngəzur dəhlizinə nəzarət hüququnu vermək istəmirlər. Monitorinq funksiyaları elə də ciddi bir məsələ deyil. Rusiya üçün hər hansı bir hüquqi üstünlük təmin etmir, formal xarakter daşıyır. Ona görə də rəsmi Moskvanın bu təkliflə razılaşacağı inandırıcı deyil”.

//Gülnarə Abasova, Editor.az