“Son dövrlər kollektiv Qərblə Rusiyanın Rusiya-Ukrayna cəbhəsi ilə yanaşı dünyanın bir çox regionlarında gərgin mübarizəyə başladığı görünür. Çox təəssüf k, həmin mübarizə meydanlarından biri də Cənubi Qafqazdır. Kollektiv Qərb Cənubi Qafqazda Rusiyanın təsir imkanlarının zəiflədilməsi istiqamətində ciddi mübarizə aparır”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov bu istiqamətdə fikirlərinə diqqət çəkib:
” Peskov qeyd edib ki, Qərb dövlətləri Qarabağ ətrafında stabilliyi pozmaqla Rusiyanı Qarabağdan çıxartmağa, regionda təsir imkanlarını zəiflətməyə çalışır. Bu fikirlərdə reallıqla yanaşı, reallığa uyğun olmayan, daha çox imperalist bir dövlət rəsmisinin mövqeyi özünü əks etdirir. O, Qərb dövlətlərinin bölgədə sabitliyi pozmağa çalışdığı fikirlərində nə qədər haqlıdırsa, Rusiyanın Qarabağdan çıxarılması ilə bağlı fikirlərində imperiya ambisiyalarından çıxış etdiyini nümayiş etdirir. Çünki Rusiya Qarabağda mövcud deyil, ora Azərbaycanın suveren əraziləridir. Həmin ərazilərdə rus sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirilməsi Azərbaycanın razılığı əsasında baş tutub. Belə ki, hansısa ölkənin rusların Qarabağdan çıxarılması ilə bağlı fikirləri absurddur. Ancaq Peskovun Qərb güclərinin destruktiv fəaliyyəti ilə bağlı fikirləri tamamilə həqiqəti əks etdirir. Ancaq Peskov onu da unutmamalıdır ki, Cənubi Qafqazda formalaşan gərginliyin əsas səbəbkarlarından biri də Rusiyadır. Bu gün baş tutan proseslərdə Qərblə yanaşı, rəsmi Kreml də ciddi məsuliyyət daşımalıdır. Rusiya bu tip bəyanatlarla məsuliyyətlərindən boyun qaçıra bilməz”.
A. Əliyevin sözlərinə görə, Qərb gözəl anlayır ki, indiki şərtlər altında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Rusiyanın bölgəyə təsir imkanlarını daha da artırmış olacaq:
” Xüsusilə kommunikasiya xətləri, Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiyanın nəzarətinə keçmə ehtimalı kifayət qədər böyükdür. Bu da Qərb tərəfindən qəbul edilən deyil. Ancaq Rusiyanın təsir imkanlarının azaldılması, Qərbin imkanlarının genişləndirilməsi kontekstində sülh müqaviləsinin imzalanması ilə bağlı fikirlər də qeyri-ciddidir. Çünki Rusiya yaxın bir neçə il ərzində regionda öz təsir imkanlarını itirməyəcək. Ən azından Çin məhsullarının Avropa bazarlarına daşınmasında strateji mövqeyə sahib olan Cənubi Qafqazdan Rusiyanın sıxışdırılaraq çıxarılıb Qərb güclərinin təsir imkanlarının artmasına Çin də seyrçi qalmayacaq və qalmır. Rəsmi Pekin mümkün imkanlardan istifadə edərək regionda Rusiyanın varlığını qoruyub saxlamağa çalışır. Belə reallıqlar altında Qərbin sülh müqaviləsini bölgəyə təsir imkanlarını artıra biləcəyi zamana qədər uzatmaq cəhdləri qeyri-konstruktiv mövqelərindən xəbər verir. Bu, region ölkələrinin maraqlarına və beynəlxalq hüququn prinsiplərinə uyğun deyil. Biz hansısa gücün müstəsna qalibiyyətini gözləyib sonra sülhü təmin edə bilmərik. Rəsmi Bakı mövcud imkanlarından istifadə edərək bölgəyə sülhün gəlməsini təmin edəcək.
Son dövrlər ABŞ- Azərbaycan münasibətlərindəki gərginliyin səbəbi də məhz Azərbaycanın müstəqil mövqe ortaya qoymasıdır. Entoni Blinkenin İlham Əliyevlə telefon danışığı isə onu göstərir ki, bu gün Azərbaycana təzyiq yolu ilə mövqeyindən döndərməyin mümkün olmadığını Amerika da anlayır”.
//Gülnarə Abasova, Editor.az

