Rusiya Çinə elektrik enerjisi ixracını kəskin azaldırbackend

Rusiya Çinə elektrik enerjisi ixracını kəskin azaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin sonuna qədər Rusiyadan Çinə elektrik enerjisi ixracının həcmi üçdə birdən çox azalaraq təxminən 3,1 milyard kilovatsaata düşüb.

Editor.az bu barədə “Kommersant”a istinadla xəbər verir. Qəzet qeyd edir ki, bu, 2022-ci ilin rekordu olan 4,7 milyard kilovatsaatdan 34% azdır və 2012-2020-ci illərin orta illik həcminə uyğundur. Avqust ayından Çinə elektrik enerjisi ixracı azalıb: avqustda illik 49,8%, sentyabrda 47%, oktyabrda 72%, noyabrda 61%. Bunun səbəbləri arasında Uzaq Şərqdə daxili istehlakın artması, istilik elektrik stansiyalarında qəzalar və su elektrik stansiyalarında su təchizatının aşağı olması daxildir. Dekabr və yanvar aylarında ixrac tədarükü yalnız gücü 115 MVt-a qədər olan 110-220 kV-luq iki elektrik verilişi xətti ilə həyata keçirilib. Dekabrda ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizə yaxın azalaraq 82,6 milyon kilovatsaata düşüb.

Eyni zamanda, tənzimləyicilər Uzaq Şərqdə istehlakın cari istilik mövsümündə 4,7% artacağını proqnozlaşdırırdılar. Nəşr bildirir ki, bu vəziyyət ixrac tədarükünün daxili ehtiyacların xeyrinə məhdudlaşdırılmasına səbəb olub. Dekabrın ortalarında Rusiya və Çin Şimal Dəniz Marşrutunun inkişafı və bu marşrutdan keçən gəmilərin sığortalanmasını müzakirə ediblər.

//Gülnarə Abasova, Editor.az