“Rusiya ilə razılaşdırılmışdı ki, qondarma “dövlət naziri ” Ruben Vardanyan Qarabağ ərazisindən çıxarılsın. O, Moskvaya çağırıldı və qarşısına yeni vəzifələr qoyub Qarabağa göndərdilər. Ermənistanın siyasi rəhbərliyi də Vardanyanın həmin ərazilərdən çıxarılmasını istəyir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ankaraya səfər edərkən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya da bildirmişdi ki, yaxın günlərdə Vardanyan həmin ərazilərdən çıxarılacaq:
“İndi isə belə bir fikir dolaşır ki, bölgədən çıxarılmaq ona təklif edilsə də razılıq verməyib. Həm də Ruben Vardanyan təyin edildiyi qondarma vəzifəsindən də istefa etmək istəmədiyini bildirib. Bu vəziyyətdə belə qərara gəlinib ki, onu Arayik Artunyanın sərəncamı ilə vəzifədən uzaqlaşdırsınlar. Yəqin ki, bu, baş tutacaq. Lakin Vardanyan Qarabağdan çıxmayacağını da bildirdi. Bu da Rusiyanın layihəsidir. Rəsmi Moskva ondan həqiqətən də Ermənistanda ehtimal edilən hakimiyyət dəyişikliyindən istifadə edəcək. Bu dövlət çevrilişi və ya zorakı yolla baş verə bilər”.
Politoloqun sözlərinə görə, Rusiya Ukraynada olduğu kimi Cənubi Qafqazda da riskli hərəkətlər həyata keçirməyə çalışır:
“Xüsusilə Ermənistanın siyasi rəhbərliyi ilə bağlı nəzərdə tutduğu planların baş tutması fikrimcə, mümkünsüz olacaq. Çünki artıq Avropa Birliyinin mülki müşahidəçi missiyası da Ermənistan ərazisinə gəlməkdədir. Digər tərəfdən də Rusiyanın mövqeləri təkcə Ukrayna cəbhəsində deyil, Cənubi Qafqaz və digər bölgələrdə getdikcə zəifləməkdədir. Rusiya lideri və onun ətrafında olan siyasi elitanın çox yanlış davranışları var. Bu da ondan ibarətdir ki, fikirlərinə qoyduqları məqsəddən əl çəkmirlər. Ona görə də Cənubi Qafqazdan çıxmaq istəmədikləri kimi İrəvandakı siyasi hakimiyyətə öz adamlarını gətirməyə cəhd edirlər. Bu, bölgədə yeni müharibə təhlükəsinin yaranmasına səbəb ola bilər “.
//Safura Bənnayeva, Editor.az

