Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, “Moskvanın Bakı ilə kontaktları daimi əsasdadır. Hər kəs Qarabağla bağlı üçtərəfli razılaşmanın reallaşdırılmasının vacib və alternativsiz olduğu qənaətindədir”. O, Paşinyan-Putin görüşünü nəzərdə tutaraq həmçinin onu da qeyd edib ki, “Bu reallaşma çərçivəsində Ermənistan və Azərbaycan tərəfi ilə kontaktlar gerçəkləşdirilir. Dünən ikitərəfli münasibətlər barədə ətraflı danışdıq, üçtərəfli razılaşmadakı fərqli nüansların reallaşdırılması və ticari-iqtisadi əməkdaşlıq müzakirə olundu”.
Məsələ ilə bağlı Editor.az-a danışan politoloq Samir Hümbətovun sözlərinə görə, Peskovun fikirlərində bir neçə istiqamət üzrə mesajların olduğunu demək mümkündür:

“Birinci mesaj münaqişə tərəflərinədir. Eyni zamanda, digər mesaj münaqişəyə cəlb edilən və münaqişədə maraqlı olan digər dövlətlərədir. Yəni, burada Türkiyə, Qərb ölkələri və İran nəzərdə tutulur. Peskov bu mesajı ilə demək istəyir ki, münaqişə bizim nəzarətimizdədir. Eyni zamanda, Rusiyanın narahatlığını üstüörtülü şəkildə çatdırmağa çalışır. O zaman belə qənaətə gəlmək olar ki, bugünə kimi tərəflər arasında baş verən proseslərdən dolayısı ilə Rusiyanın ya əli ya da proseslərdən məlumatı var. Təbii ki, burada Ermənistan və Azərbaycan sərhədində baş vermiş insidentləri, minaların xəritəsinin verilməməsi, Zəngəzur dəhlizinin hələ də açılmasının reallaşmaması, rus “sülhməramlıları”nın nəzarətində olan ərazilərdən erməni terrorçularının hələ də çıxarılmaması kimi məsələlər ön plana çıxır. Görünən odur ki, rəsmi Kreml bununla bütün məsuliyyəti Paşinyanın üzərinə qoymağa çalışır”.
//Gülnarə Abasova, Editor.az

