Rusiya dost olmayan ölkələrə ixracı qadağan edilən ikili təyinatlı malların siyahısını genişləndirib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, Rusiya hökuməti elektro-optik avadanlıqlarda istifadə olunan müxtəlif materialları siyahıya əlavə edib. Bu tədbirin məqsədi həmin komponentlərin Ukrayna silahlı qüvvələrinin əlinə keçməsinin qarşısını almaqdır.
Yeni məhdudiyyətlər litium niobat, sink tellurid, gadolinium qallium qranat, qallium arsenid və fosfid, eləcə də emal edilmiş və işlənməmiş kvars vafliləri və cilalanmış tellur oksidi prizmalarını əhatə edir. Qərarda vurğulanır ki, bu materiallar hərbi təyinatlı elektro-optik cihazların istehsalında, o cümlədən istiqamətləndirici sistemlərdən gecəgörmə cihazlarına qədər müxtəlif sistemlərdə istifadə olunur. Sənəddə həmçinin bildirilir ki, dost olmayan ölkələr Ukraynanın ehtiyacı olan bu sistemləri istehsal etmək üçün Rusiya məhsullarını almaqda gizli məqsədlər güdür.
Qeyd edək ki, dost olmayan ölkələrə ixracı qadağan edilən malların siyahısı 2022-ci ilin martından qüvvədədir və mütəmadi olaraq yenilənir. Məhdudiyyətlər 2027-ci ilin sonuna qədər uzadılıb. Hazırda siyahıya durbindən vertolyotlara qədər 250-dən çox məhsul daxildir. İkili istifadə olunan əşyalara əlavə olaraq, bir sıra ümumi materiallar, o cümlədən işlənməmiş ağac da qadağan olunub.
Qeyri-dost ölkələr siyahısına ABŞ, Ukrayna, Avropa İttifaqı, Böyük Britaniya, Avstraliya, Albaniya, Andorra, Baham adaları, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, San-Marino, Şimali Makedoniya, Sinqapur və Monteneqro daxildir.
//Gülnarə Abasova, Editor.az

