Rusiya dünyadakı İMİCİNİ İTİRİR: “Qərb Ukraynanı Moskvanın məğlubiyyətinə qədər dəstəkləyəcək”- Politoloqdan AÇIQLAMAbackend

Rusiya dünyadakı İMİCİNİ İTİRİR: “Qərb Ukraynanı Moskvanın məğlubiyyətinə qədər dəstəkləyəcək”- Politoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş verən proseslərin gedişatından görünür ki, Rusiya Ukraynanı Qara dənizdən tamamilə sıxışdırıb çıxartmaq  və ya Qara dənizə yolunu bağlamaq istəyir. Ona görə də Rusiya Krımdan Xarkova qədər zolağı öz nəzarəti altına almaq istəyir. Ehtimal olunur ki, rəsmi Kreml Dnestryanı bölgədə də fəaliyyətini genişləndirmək və ya həmin istiqamətdən Ukraynaya hücum etməyi planlaşdırır. Hətta bir müddət əvvəl Dnestryanı bölgələrdəki Rusiya hərbiçilərinin ailələrinin çıxarıldığı barədə məlumat da yayılmışdı. Rusiya artıq Qərbə qarşı müharibə aparır, Ukrayna isə bu məsələdə sadəcə bir vasitədir”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə,  Qərb və onun müttəfiqlərinin sanksiyaları nəticə verməyə başladıqdan sonra Rusiyanın iqtisadi və hərbi potensialında bu, öz təsirini göstərəcək:

“Rusiyanın neft, qaz, təbii qaz, silah satışı sahələrinə də sanksiyalar tətbiq edildikdən sonra Rusiya yalnız daxili bazarın hesabına mövcud olmağa çalışacaq. Ehtimal edirəm ki, Çin, Hindistan və İran kimi Rusiyanın böyük tərəfdaşları da neytrallaşdırılacaq və Rusiya ilə əlaqələri azalacaq. Bu,  Rusiyanın Ukrayna cəbhəsindəki müharibəsinə də mənfi təsir göstərəcək. Rusiya ehtimal edirdi ki, Ukrayna məsələsini bir neçə həftəyə həll edəcək, Kiyevi ələ keçirib mövcud  Zelenski hakimiyyətini devirəcək, yerinə öz istədiyi şəxsi  qoyacaq və bununla da Ukraynadakı vəziyyəti öz xeyrinə dəyişəcək. Proseslər Putinin gözlədiyi kimi baş vermədi, artıq müharibə 77 gündür davam edir və bu müddətdə Rusiyanın xeyli itkisi var. Ötən gün ABŞ  Ukraynaya limitsiz silah verilməsi ilə bağlı qanun qəbul edib. Beləliklə, Ukraynaya 40 milyard dollar məbləğində yardım paketinin verilməsi ilə bağlı layihə təsdiqlənib. Bu onu göstərir ki, Qərb Ukraynanı Rusiyanın məğlubiyyətinə qədər dəstəkləyəcək. Bununla da yeni Dünya Düzəni deyilən layihənin bir hissəsi həyata keçmiş olacaq.  Rusiya isə bu prosesdə böyük maneədir. Təəssüf ki, iqtisadi, elmi, təbii sərvəti baxımından böyük potensiala malik bu dövlət yeni dünyanın qurulmasından təcrid edilir”.

Politoloq bildirib ki, Ukraynanın hər hansı bir kəndinin, rayonun işğal altında saxlanılması müvəqqəti hal daşıyır:

“Bu uzun müddət çəkə bilməz və çəkməyəcək də. Almaniya İkinci Dünya Müharibəsindən sonra parçalandı və uzun müddət SSRİ-nin təsir dairəsində qaldı. Amma bu uzun çəkmədi. Ukrayna beynəlxalq səviyyədə tanınan ərazilərini gec-tez bərpa edəcək. Hesab edirəm ki, bu savaşdan Rusiya çox böyük itki və ziyanla ayrılacaq. Bu təkcə maddi,  hərbi, insan itkisi deyil, Rusiya həm də dünyadakı imicini, etibarını itirir”.

//Gülnarə Abasova, Editor.az