Rusiya elan etdi: Üçüncü Qarabağ müharibəsi başlaya bilər?-AÇIQLAMAbackend

Rusiya elan etdi: Üçüncü Qarabağ müharibəsi başlaya bilər?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hakimiyyətinin “humanitar yardım” şousu sərhəddə çox ciddi qarşıdurma yaratdı. Əvvəldən Azərbaycan hakimiyyətinə bildirmədən, onun razılığını almadan 19 maşın 19 səfir və beynəlxalq təşkilatın nümayəndəsi ilə birlikdə Azərbaycan sərhədinə gətirildi. Bu addımı atmaqda Ermənistanın hansı məqsədi güddüyü məlumdur”.

Bu fikirləri Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov rusiyalı politoloq Sergey Markovun açıqlamasında “Qarabağda vəziyyət gərginləşməkdədir. Hazırda burda iki gərginlik nöqtəsi var. Birincisi, 8 gündür 21 yük tırı Laçın yolu yaxınlığında sərhəddə dayanır və onların keçişinə əngəl yaranıb. İkincisi, Azərbaycan hakimiyyəti Laçın yolunda Qarabağda yaşayan və Ermənistana gedən şəxsi 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı hərbi cinayətlərdə şübhəli bilindiyi üçün həbs edib. Bu gərginlik üçüncü Qarabağ müharibəsinin başlamasına səbəb ola bilər”-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, bu addımı atmaqda Ermənistan bir neçə məqsəd güdür: “Bir tərəfdən danışıqlarda öz mövqeyini möhkəmləndirmək və rəsmi Bakının üstün mövqeyini bir qədər zəiflətməyə çalışmaq, müəyyən dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana qarşı qaldırmağa cəhd göstərməkdir. İkinci məqsəd Qarabağ ermənilərinə müəyyən reallıqları başa salmaqdır. Mətbuat konfransında Ermənistan baş naziri Nikol Paşinyan qəti şəkildə bildirdi ki, ermənilər, ilk növbədə Qarabağın erməni icması elə düşünür ki, dünya yatıb yalnız Qarabağ haqqında düşünür. Lakin dünyanın daha ciddi problemləri var. Qarabağ erməniləri sülh sazişinin ləngiməsində əsas rol oynayan tərəflərdir. ABŞ, Rusiya, Fransa hətta Ermənistan bu məsələdə Azərbaycanın mövqeyinə kifayət qədər yaxındır. Hesab edirlər ki, Qarabağ erməniləri ilə bağlı əsas problem onların hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmlər çərçivəsində təmin olunmasıdır. Yəni, Qarabağ erməniləri ərazilərimizdə Azərbaycanın suverenliyi altında yaşamalı və onların hüquq və təhlükəsizliyi beynəlxalq mexanizmlər tərəfindən təmin olunmalıdır. Qarabağ erməniləri isə bəyan edir ki, biz müstəqil olmaq istəyirik və Azərbaycanın tərkibində yaşamaq fikrimiz yoxdur. Elə böhranın yaranmasının əsas səbəbi də budur. Problem 19 humanitar yardımla dolu maşının sərhəddə saxlanılması deyil, Qarabağ ermənilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü qəbul etməməsidir. Çox təəssüf ki, dünya bunu başa düşmür və rəsmi Bakıdan Laçın dəhlizini açması tələb olunur”.

Siyasi şərhçinin fikrincə, dünya dövlətləri Qarabağ ermənilərinə müraciət edib onları tutduqları son dərəcə təhlükəli yoldan çəkindirmək əvəzinə Azərbaycana təzyiq göstərməyə çalışırlar:

“Prezident İlham Əliyev də son müsahibəsində elə buna diqqət çəkdi. Açıq şəkildə bildirdi ki, necə oldu ki, onlar Ukraynada, Gürcüstanda, Maldovada separatizmin əleyhinədirlər, ancaq Azərbaycana gələndə Laçın dəhlizinin açılmasını tələb edirlər. Separatizmi lənətləmək əvəzinə Qarabağ ermənilərinin bu qanunsuz davranışına göz yumurlar? Məhz bu səbəbdən Azərbaycan humanitar yardımın Ağdam-Xankəndi yolu ilə daşınmasını tələb edir. Problemi yaradan Qarabağ erməniləridir, onların hələ də müstəqil olmaq ümidləridir. Bu regionda son dərəcə təhlükəli vəziyyət yaradıb. Dünya bunu dərk etmir. Hələ də iddia edir ki, böhran Azərbaycanın həmin 19 yük maşınını Qarabağa buraxmaması səbəbindən yaranıb və Vaqif Xaçaturyan kimi müharibə cinayətkarının həbsi vəziyyəti bir qədər də gərginləşdirib. Əslində isə problem Qarabağ ermənilərinin separatçılığı ilə bağlıdır “.

A.Səmədov üçüncü Qarabağ müharibəsi barədə yayılan xəbərlərə də münasibət bildirib: “Birinci və ikinci Qarabağ müharibəsi Azərbaycanla Ermənistan arasında baş vermişdi. Lakin son mətbuat konfransında N.Paşinyan açıq şəkildə qeyd etdi ki, rəsmi Bakı Qarabağa qarşı anti-terror əməliyyatına başlasa, Ermənistan bu məsələyə müdaxilə etməyəcək. Bu səbəbdən müharibənin başlama ehtimalı son dərəcə aşağıdır. Çünki Birinci və İkinci Qarabağ müharibəsini başladan tərəf Ermənistan olub. İndi onun belə bir müharibəyə başlamağa nə gücü, nə də iradəsi var. Bundan sonra çox güman ki Azərbaycana təzyiqlər davam edəcək. Rəsmi Bakı öz mövqeyində qəti dayanmaqla yanaşı çevik addımlar ataraq vəziyyəti öz xeyirinə dəyişmək üçün əlindən gələni edəcək. Eyni zamanda yaxın aylarda antiterror əməliyyatının keçirilməsi də istisna olunmur. Lakin bunlara da çox ciddi hazırlıq görülməlidir. Son hadisələr açıq şəkildə göstərdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı Xankəndinə girmək imkanına malik olsa da bu addımı atmadı. Müəyyən müxalifətçilər isə prezidenti tənqid etdilər ki, Azərbaycan bu imkandan istifadə etmədi. Bugünkü hadisələr göstərir ki, rəsmi Bakı o dövrdə düzgün addımlar atıb.19 maşının saxlanması üçün bu qədər hay-küy qaldıran dünya o vaxt Azərbaycanın Xankəndini bütövlükdə nəzarətə götürməsinə daha kəskin reaksiya verə bilərdi. O dövrdə ABŞ-da açıq şəkildə ermənipərəst mövqe tuturdu. Çünki hələ Ukrayna müharibəsi başlamamışdı. Təəssüf ki, həmin səviyyəsiz bəyanatları müxalifət bu gün də verməkdə davam edir. Aydın olur ki, onların düzəlməsi ehtimalı yox dərəcəsindədir. Siyasətdə təsadüfi olan adamlar böyük iddialarla yaşasalar da buna müəyyən savad, ağıl, qabiliyyət də lazımdır ki, bu da hakimiyyətə gəlmək iddiasında olan müxalifətçilərdə yoxdur. Azərbaycan yenə də dünyanın iri gücləri , beynəlxalq qurumları ilə üz-üzə dayanıb, öz həqiqətlərini sübut etməyə çalışır. İnanıram ki,  Azərbaycan qarşısına çıxan bütün təzyiqlərə qalib gəlməyi bacaracaq”.

//Safura Bənnayeva, Editor.az