Rusiya əleyhinə ictimai bəyanatların verilməsini gözləmək absurd olardı- Politoloqbackend

Rusiya əleyhinə ictimai bəyanatların verilməsini gözləmək absurd olardı- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Baş naziri Əli Əsədovun Moskvada rusiyalı həmkarı Mixail Mişustinlə görüşü zamanı  44 günlük Qarabağ müharibəsi zamanı Rusiyanın göstərdiyi köməyi yüksək qiymətləndirməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Bununla bağlı Editor.az -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, ölkədə son zamanlar insanların fikirlərinin konteksdən çıxarılması və yanlış istiqamətlər üzrə manipulasiya edilməsu hallarına rast gəlinir.

Tural İsmayılov bildirib ki, hal-hazırda Azərbaycanla Rusiya arasında keçirilən hökumətlərarası görüşlərin mütəmadi hal alıb: ‘’ Çünki 10 noyabr razılaşmasından sonra regionda kommunikasiya xətlərinin açılması və yeni iqtisadi nəqliyyat dəhlizlərinin formalaşması ilə bağlı  danışıqlar aparılmalıdır. Azərbaycan və Rusiya baş nazir müavinləri mütəmadi olaraq görüşürlər. Cənab baş nazir Əli Əsədovun Rusiya səfəri kontekstində 10 noyabr razılaşmasının müddəalarının yerinə yetirilməsi ilə bağlı müzakirələr aparması normaldır. Hal-hazırda  Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sülhməramlı kontingenti mövcud olduğuna görə, xüsusən siyasi kimliyi olan, hakimiyyət orqanlarında yüksək vəzifələrdə təmsil olunan şəxslərin Rusiyaya səfərləri zamanı açıqlamalarda siyasi etiketi və diplomatik qaydaları gözləməsi doğru yanaşmadır’’.

Politoloq qeyd edib ki, hal-hazırda Rusiya regionda nəqliyyat dəhlizlərinin formalaşmasında maraqlıdır: ‘’ Çünki Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regionda yeni dəmir yolu xətlərinin və  ticarət yollarının formalaşması Rusiyanın da iqtisadi siyasi maraqlarına cavab verir. Rusiya baş naziri Mixail Mişustinin verdiyi açıqlamada regionda kommunikasiya xətlərinin açılmasının təkcə Azərbaycan üçün deyil, region dövlətlərinin hamısı üçün məqbul olduğunu vurğulayıb. Azərbaycanın da 10 noyabr bəyanatının müddəalarını yerinə yetirdiyi haqqında fikir bildirib. Son günlər növbədənkənar parlament seçkiləri ərəfəsində  Ermənistanın müəyyən təxribat cəhdləri Rusiya baş nazirinin açıqlamalarından sonra növbəti dəfə məğlubiyyətə düçar oldu’’.

Tural İsmayılov bildirib ki, regionda yeni yaranacaq reallıqların fonunda və Qarabağ zəfərindən sonra yeni formalaşacaq postpandemiya dövrünün siyasi-iqtisadi mənzərəsi üçün Rusiya ilə münasibətləri korlamaq olmaz: ‘’Bu baxımdan yüksək siyasi kimliyi olan məmurlarımızın Rusiya əleyhinə ictimai açıqlamalar verməsini gözləmək absurd olardı. Rusiyanın siyasəti ilə bağlı narazılıq baş verərsə, Azərbaycan tərəfi öz etirazını bildirir. Təbii ki, biz qapalı qapılar arxasında hansı fikirlərin səsləndiyini, hansı mövqelərin üst-üstə düşmədiyini bilmərik. Buna görə də media üçün verilən açıqlamalarda siyasi reallıqlar xaricində hansısa ümumi bəyanat gözləmək düzgün deyil. Düşünürəm ki, bundan sonra regionun gələcəyində Azərbaycan-Rusiya-Türkiyə münasibətləri xüsusi önəm daşıyır. Buna görə də əlaqələr hər üç dövlət tərəfindən qorunursa, belə davam etdirilməsi marağı vurğulanırsa, münasibətləri korlamaq heç bir formada bu dövlətlərə sərf etmir’’.

Gülnarə Abasova ,editor.az