“Azərbaycan regiondakı proseslərin daha da gərginləşməsi mərhələsinə hazır olmalıdır. Bu gərginlik Rusiya-Ermənistan-Qərb üçlüyü çərçivəsində əmələ gələcək. Ermənistanın Rusiyanın yaratdığı hərbi və iqtisadi (KTMT və Avrasiya Birliyi) qurumlardan çıxmaq istəməsi və Qərbə inteqrasiya cəhdi regionu getdikcə daha da qızışdıracaq. Artıq Ermənistanda bu qurumlardan çıxmaq barədə danışıqlar başlayıb və bu günə kimi baş verən proseslər də buna görədir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi analitikin sözlərinə görə, Azərbaycan öz istədiyini böyük ölçüdə alıb:
” Bundan sonra qalan problemlərin (sərhəd, dəhliz məsələsi və sülhməramlıların çıxarılması) həlli daha çox Rusiya-Ermənistan münasibətlərindən asılı olacaq. Rusiya açıq şəkildə Ermənistanla konfliktə getməyəcək. Daha çox Azərbaycanın təzyiqini istəyəcək və bu da Qərblə Azərbaycan arasında gərginlik yaradacaq. Azərbaycan bundan sonrakı prosesləri yaxşı başa düşməlidir. Ona görə də bu prosesə qarışmamalı və Rusiyanın yanında yer almamalı, neytral qalmalıdır. Əks halda Ermənistanın Qərbə inteqrasiyası zamanla mümkün olarsa, onda bu prosesdə iştirakla əldə etdiklərimizi itirməmiz böyük ehtimaldır. Bu vaxt Azərbaycan çıxılmaz vəziyyətə düşüb, hətta Qarabağ ermənilərinə ən azı status, daha da yuxarı müstəqillik verilməsinə belə mane ola bilməz, çünki Qərb bu müstəqilliyi birtərəfli tanıya bilər”.
A. Qasımov bildirib ki, Azərbaycan İranla da hələlik ehtiyatlı davranmalıdır:
” İranla Amerika arasında gedən “nüvə danışıqları” müsbət nəticələnərsə, Amerika İrana qarşı qoyduğu sanksiyaları götürə bilər ki, bu da Iranın əl-qolunu açar, daha Qərbpərəst siyasət yürütməsinə gətirib çıxarar. Bu da Azərbaycan üçün əlavə təzyiq mexanizmi olar. Bunları nəzərə alıb Rusiya ilə münasibətləri getdikcə soyutmaq, daha çox Türk Dövlətləri Birliyi çərçivəsində təşkilatlanmanı artırmaq daha doğru yol olar. Ermənistanın Qərbə inteqrasiyası Gürcüstan üzərindən olacağı şübhəsizdir ki, Gürcüstan 3+3 platformasından imtina edir. Vəziyyəti diqqətdə saxlayıb elə etməliyik ki, hadisələr hansı istiqamətdə inkişaf etsə, Azərbaycan bu istiqamətlə əməkdaşlıq üçün problem yaşamasın”.
//Gülnarə Abasova, Editor.az

