“Azərbaycan və Türkiyə rəhbərləri bu görüşün keçirilməsinə müsbət yanaşacaq”.
Bunu Editor.az-a politoloq Sultan Zahidov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfər etməzdən öncə jurnalistlərə açıqlamasında, Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördtərəfli görüşün keçirilməsini təklif etdikləri ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əsas məsələ Ermənistanın prosesə münasibətidir:
“Burada iki faktor var ki, Ermənistanın görüşdə iştirakını sual altında qoyur. Birincisi, rəsmi İrəvan və Moskva münasibətlərində olan gərginlikdir. Son zamanlar Ermənistan rəhbərlərinin və rəsmilərinin açıqlamaları, atdığı addımlar, ABŞ-la hərbi təlimlərin baş tutması Rusiyanı qıcıqlandıran amillərdir. Digər tərəfdən Türkiyənin iştirakı da Ermənistan üçün problematik ola bilər. Belə ki, rəsmi İrəvan hər zaman Ankaranın iştirakı, vasitəçiliyi ilə hər hansı görüşün baş tutmasına narazılıq bildirir. Onlar üçün guya Türkiyənin mövqeyi Ermənistanın əleyhinədir. Halbuki son illərdə bu tendensiyada dəyişikliyin şahidi oluruq. Türkiyə ilə Ermənistan arasında bir neçə raund danışıqlar baş tutub. Buda artıq rəsmi İrəvanın keçmiş xislətindən uzaqlaşıb Türkiyə ilə münasibətlərin qurulmasına normal yanaşdığının göstəricisidir. Bu, təbiidir. Çünki heç bir rasional aktor qonşuluğundakı Türkiyə və Azərbaycan kimi strateji əhəmiyyətli dövlətlə münasibətləri aşağı səviyyədə saxlamaz”.
Politoloq Rusiyanın Ermənistan üçün daha böyük əngəl olduğunu düşünür:
“Bu formatın böyük əhəmiyyəti var. Cənubi Qafqaz təhlükəsizlik kompleksində əsas iştirakçı dövlətlərin iştirak etdiyi formatdır. Regionla bağlı nəinki Azərbaycan və Ermənistan, eləcə də Türkiyə, Rusiya arasında da fikir ayrılıqları var. Bu format həmin fikir ayrılıqlarını danışıqlar yolu ilə həll olunmasına gətirib çıxardacaq. İstənilən halda bu və ya “3+3″ formatının baş tutması üçün Azərbaycan və Ermənistan arasında konstruktiv mövqe sərgiləməlidir”.
//Safura Bənnayeva, Editor.az