“İyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri zamanı bir neçə diqqət çəkən məqam oldu”.
Bu sözləri Editor.az- a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O, bildirib ki, Rusiyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyev yalnız Vladimir Putinlə görüşdü:
“Digər Rusiya rəsmiləri ilə görüş baş tutmadı. Bu o deməkdir ki, məsələlər yalnız Rusiya lideri ilə müzakirə olunacaq məsələlər idi. Düşünürəm ki, Prezidentlərin görüşünün ictimaiyyətə açıqlanan və açıqlamayan hissəsində əsas müzakirə mövzusu 10 noyabr və 11yanvar bəyanatlarının icrası ilə bağlı oldu. Bu bəyanatların icrası ilə bağlı əsas məsuliyyət Ermənistanın öhdəsinə düşür. Elə məhz Ermənistanın üzərinə düşən və hələ də dərk etmək istəmədiyi məsuliyyət Rusiya Prezidenti ilə müzakirə olunub. Çünki Azərbaycan tərəfi üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib”.
Politoloqun fikrincə Prezidentlərin görüşünün əsas müzakirə mövzusu konkret olaraq Ermənistanın bu günə kimi yerinə yetirməkdən boyun qaçırdığı
şərtlər olub:
“Birincisi, Qarabağ ərazisindən erməni terror birləşmələrinin çıxarılması”;
“İkincisi, Zəngəzur dəhlizinin açılması”;
“Üçüncüsü Qazaxın 7 kəndi və Naxçıvanın 1 kəndinin qaytarılması”
“Dördüncüsü, digər rayonların mina xəritəsinin təhvil verilməsi”
“Beşincisi, bundan sonra kommunikasiyaların qurulması və yekun sülh prosesinə gediş”
Samir Hümbətov qeyd edib ki, görüş zamanı Vladimir Putinin ölkə başçısı İlham Əliyevə kompromis üçün təşəkkür etməsi məsələsi bir sıra analitiklərin fərqli şərhlərinə səbəb olub:
“Hesab edirəm ki, bu təşəkkür üçtərəfli bəyannamənin imzalanmasından sonra İlham Əliyevin icazəsi ilə sülhməramlıların Qarabağa gələ bilməsi və Qarabağ ərazisindən çıxarılmış ermənilərin Xankəndi Xocalı Xocavənd və digər ərazilərdə məskunlaşmasına icazə verməsi ilə bağlıdır”.
O bildirib ki, görüş çərçivəsində Rusiya-Azərbaycan ikitərəfli iqtisadi əlaqələrin inkişafı da müzakirə olunub:
“İkitərəfli münasibətlərin fonunda həm iqtisadi əlaqələrin, həm də siyasi-strateji əməkdaşlığın möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Rusiyanın Azərbaycanla əməkdaşlığında tutduğu mövqe Ermənistana nisbətən daha yüksəkdir. Rusiya Ermənistanla əlaqələrindən fərqli olaraq Azərbaycanı forpostu kimi deyil də, bərabərhüquqlu tərəfdaşı kimi görür. Bu çox önəmli məsələdir”.
//Gülnarə Abasova, Editor.az

