“Rusiya Ermənistanın bu addımını cəzasız buraxmayacaq”-ŞƏRHbackend

“Rusiya Ermənistanın bu addımını cəzasız buraxmayacaq”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın baş naziri Nikol Paşinyanın mövcud təhlükəsizlik sistemindən imtina etməsi barədə fikirləri ilk növbədə Rusiya sülhməramlılarının ermənilərin etimadını doğrultmadığı mənasını daşıyır”.

Bu fikirləri Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında Qərb tərəfdaşları ilə təhlükəsizlik məsələlərini müzakirə etməyə başladıqları barədə fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan dəfələrlə rus sülhməramlılarının ünvanına tənqidlər səsləndirib və öz məyusluğunu ifadə etməkdən çəkinməyib:

“Həlledici məqamlarda sülhməramlılar ermənilərin gözlədiyi addımları atmadı. Bunu da açıq şəkildə nümayiş etdirməkdən çəkinmədi. Digər tərəfdən Paşinyanın narazılığı ODKB adlanan hərbi blokun fəaliyyəti ilə bağlıdır. Ermənistan baş naziri hesab edir ki, həm 44 günlük Vətən müharibəsi dövründə, həm də ondan sonrakı hadisələr zamanı hərbi blok ermənilərə zəruri yardımı göstərməyib. Məhz bu səbəbdən rəsmi İrəvan ODKB-dən ayrılmaq məsələsini ötən il Təhlükəsizlik Şurasında müzakirəyə çıxardıb və son mətbuat konfransında da belə bir addımın atılmasının mümkünlüyünü açıq şəkildə ifadə edib “.

Siyasi şərhçinin fikrincə, Rusiya sülhməramlılarının və ODKB hərbi blokunun ermənilərin ümidlərini doğrultmadığı şəraitdə rəsmi İrəvan üzünü Avropa, Qərb, NATO-ya tutmaq qərarına gəlib:

“Bu da təbii ki, Rusiyanı hiddətləndirməyə bilməz. Rus sülhməramlı qüvvələrinin yerinə bölgəyə NATO qüvvələrinin yeridilməsinə və gələcəkdə Rusiya hərbi bazasının Ermənistandan çıxarılaraq NATO hərbiçilərinin dəvət olunması ciddi məsələdir. Bu son dərəcə riskli və Ermənistan üçün təhlükəli olacaq bəyanatlardır. Rəsmi Moskva Ukraynada nə qədər ağır vəziyyətə düşsə də hələ də hərbi gücünü qoruyub saxlaya bilib. Cənubi Qafqazdan asanlıqla çıxmaq fikrində deyil. Heç şübhəsiz ki, Paşinyanın bu bəyanatları ona çox ciddi problemlər yaradacaq. Rusiya bu cür addımları heç vaxt cəzasız buraxmayıb və erməniləri də buna görə formada cəzalandırmağa çalışacaq “.

A.Səmədov qeyd edir ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra atdığı addımların, verdiyi bəyanatların onu hansı vəziyyətə saldığını düzgün dəyərləndirə bilmir:

“Güman edirəm ki, bu kimi fəaliyyətlər Moskva görüşündən sonra Rusiyanın Azərbaycana bir qədər də yaxınlaşmasına səbəb olacaq. Qərbin də Ermənistana o qədər də yaxın mövqedə olmadığını nəzərə alsaq bu amil ilin sonuna qədər imzalanacaq sülh sazişini ölkəmizin istəklərinə uyğun olmasını təmin edəcək. Rəsmi Moskvadan üz çevirmək Paşinyana çox ciddi problemlər yaradacaq. Çünki Qərb bütün diqqətini Ukraynaya yönəldib və qısa müddətdə Cənubi Qafqazda möhkəmlənmək imkanına malik deyil “.

//Safura Bənnayeva, Editor.az