Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 17-də Ukrayna Müdafiə Qüvvələrinin Rusiya Federasiyasının enerji infrastrukturunu məhv etmək məqsədi ilə işğalçıların strateji obyektlərinə endirdiyi zərbənin nəticələri barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, Krasnodar diyarındakı İlski neft emalı zavodunun dağıdılması ilə yanaşı, işğalçı qüvvələrin ehtiyacları üçün yanacaq nəqlini təmin edən Kropotkinskaya və Andreapol neft nasos stansiyaları da vurulub. Nəticədə onlar (hər iki nasos stansiyası) sıradan çıxarılıb ki, bu da işğalçıya yanacaq tədarükünün logistikasını xeyli çətinləşdirəcək”, – Baş Qərargah qeyd edib.
Uğurlu əməliyyat nəticəsində İlski neft emalı zavodunda irimiqyaslı yanğın qeydə alınıb. Qeyd olunur ki, Rusiyanın qeyri-qanuni müharibəsinə dəstək verən enerji infrastrukturunun məhv edilməsi əməliyyatları davam etdiriləcək. Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının silahlı təcavüzünə töhfə verən strateji hədəflərə zərbələr endirmək hüququnu özündə saxlayır. Ukrayna təcavüzkarın resurslarını məhv etməyə və hərbi potensialını zəiflətməyə davam edəcək.
//Samir Qurbanov, Editor.az