Ukrayna Futbol Federasiyası (UFF) Rusiya Futbol İttifaqının (RFF) Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Beynəlxalq Futbol Federasiyasının (FİFA) tərkibindən çıxarılmasını tələb edib. Qurum qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın, Zaporojye və Xerson vilayətlərinin klublarını Rusiya çempionatlarına inteqrasiya etmək planlarına belə reaksiya verib.
Editor.az xəbər verir ki, bunu UFF rəhbəri Andrey Pavlenko Facebook-da bildirib. “UFF dərhal FİFA və UEFA-ya Rusiya Futbol İttifaqına qarşı ən sərt sanksiyaların tətbiq edilməsi tələbi ilə müraciət edir. Bu təşkilatların nizamnamələrini kobud şəkildə pozduğuna görə Rusiyanın UEFA və FİFA-dan xaric edilməsini tələb edəcəyik “- Pavlenko yazıb.
Qeyd edək ki, yazda FİFA və UEFA Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda Rusiya komanda və klublarını qeyri-müəyyən müddətə beynəlxalq yarışlardan kənarlaşdırıb. İdman Arbitraj Məhkəməsi qərarı qanuni sayıb.
//Samir,Editor.az

