Rusiya Fransa və Ermənistanın inkişaf edən əməkdaşlığına niyə susur?- ŞƏRHbackend

Rusiya Fransa və Ermənistanın inkişaf edən əməkdaşlığına niyə susur?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzərində mütləq qələbəsindən, rəsmi İrəvanın kapitulyasiyaya uğramasından sonra ermənipərəst qüvvələrlə birlikdə Azərbaycana qarşı müxtəlif istiqamətlərdə addımlar atmağa çalışır. Bu kimi fəaliyyətləri sərgiləyən, Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirməyən, 30 ilə yaxın ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi keçmiş münaqişənin həllində vasitəçi rolunu öz üzərinə götürməsinə baxmayaraq neytral, ədalətli mövqe tutmayan bir dövlətin Cənubi Qafqazda sülhün tərəfdarı olduğunu söyləmək absurddur”.

Bu fikirləri Editor.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, Fransa regionda öz maraqlarını reallaşdırmağa çalışır:

“44 günlük Vətən müharibəsi bitdikdən sonra Avropa İttifaqının təşəbbüsü ilə Brüssel platforması çərçivəsində görüşlərin keçirilməsinə nail olundu. Bu platformada 5 görüş keçirilib. Fransa isə Ermənistanla birləşərək həmin görüşlərdə iştirakını mümkün etməyə çalışdı. 6 oktyabrda Çexiyanın Praqa şəhərində Avropa Siyasi Birliyinin ilk Zirvə toplantısında Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü Alma-Ata bəyannaməsi və BMT nizamnaməsi çərçivəsində tanıdığını dilə gətirdi. Bir neçə gün sonra isə Fransa prezidenti Emmanuel Makron antiAzərbaycan mövqeyindən çıxış edən müsahibələr verməyə başladı. Qarabağı Ermənistanın ürəyi adlandırmaqla özünün və dövlətinin həmin prosesdə iştirakını istisna etdi. Fransa bu gün də Ermənistana müxtəlif istiqamətdə dəstək nümayiş etdirərək, onu silahlandırıb Azərbaycana qarşı müxtəlif platformalarda qətnamələrin qəbul edilməsinə çalışaraq Cənubi Qafqazda sülhə qarşı olan dövlətlərdən biri olduğunu göstərir”.

Politoloq Fransa və Ermənistanın artan əməkdaşlığına Rusiyanın səssiz qalmasına da münasibət bildirib: “Rəsmi Moskvanın prosesə susqunluq nümayiş etdirməsi yanlışdır. Rusiya regionda sülhün tərəfdarı olduğunu nəinki sözdə, özünün sülhməramlı kontingentini bölgəyə yerləşdirməklə də bəyan edib. Əgər rəsmi Moskva bu məsələdə öz üzərinə missiya götürübsə, Fransanın Ermənistanı silahlandırması, Azərbaycana qarşı regionda baş verən hadisələrlə bağlı qətnamələrin qəbul edilməsi, müxtəlif addımların atılmasını dərhal pisləməlidir. Bunu etmirsə deməli, məsələyə öz maraqlarından yanaşır. Rəsmi Moskva Fransa ilə mümkün qədər ya Ukrayna müharibəsi, ya da Rusiya-Qərb qarşıdurması ilə bağlı münasibətlərin pisləşməməsinə çalışır. Bu da regionda baş verən proseslərə mənfi təsir göstərir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində maraqlı olan qüvvələr, buna dəstək verməyə çalışan dövlətlər prosesə nə qədər ki, səmimi yanaşmır, öz maraqlarından çıxış edirlərsə, Cənubi Qafqazda sülhün əldə edilməsinə müsbət töhfə verə bilməyəcəklər”.

//Safura Bənnayeva, Editor.az