Rusiya geri çəkilir: Sülh imzalana bilər?-AÇIQLAMAbackend

Rusiya geri çəkilir: Sülh imzalana bilər?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar Rusiya və Ukrayna arasında sülh danışıqları ilə bağlı güc mərkəzlərindən açıqlamalar gəlir. Masaya oturmamışdan əvvəl mövqelərin möhkəmlənməsi məsələsi baş verir”.

Bu fikirləri Editor.az-a Rusiya-Ukrayna müharibəsində son vəziyyəti şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə,  indiki danışıqlar ancaq atəşkəslə bağlı ola bilər, amma məsələnin həlli üçün sülh danışıqlarında güzəşt limitləri də məhduddur:

“Ukraynanın tələbi odur ki , bütün qoşunlar ən azından 24 fevralda mövqelərinə çəkilsin. Bu o deməkdir ki, Zaparojye, Xerson və Dneprin Krıma yaxın ərazilərindən Rusiya çəkilməlidir. Bu isə mümkün deyil. Rusiyanın tələbi isə ondan ibarətdir ki, Krımın və digər bölgələrin Rusiya ərazisi olması Ukrayna tərəfindən tanınsın və NATO üzvlüyündən imtina edilsin, kiçik ordu saxlanılsın. Rusiya çətin ki, bu tələblərdən əl çəksin və Ukrayna da bununla razılaşsın”.

Natiq Cəfərlinin fikrincə, münaqişə uzun bir müddətdə dondurula bilər:

“Ukrayna tərəfinin narahat olduğu məsələ odur ki, atəşkəs imzalanacaqsa, Rusiya güclənəcək və yeni silah-sursat istehsalı ilə məşğul olacaq. Nəticədə isə Ukraynaya daha böyük zərbələr vurmaq potensialı artacaq.  Ukrayna da buna getmək istəmir. Rusiyanın narahatlığı odur ki, atəşkəsdən sonra NATO ölkələri, o cümlədən Amerika Ukrayna ordusunu daha çox gücləndirəcək. Hava hücumundan müdafiə sistemləri və digər silahlarla təmin olunacaq. Bu da yenidən növbəti toqquşma üçün zəmin yaradacaq. Ona görə də indiki şəraitdə qlobal sülh sazişinin olması təəssüf ki, mümkünsüz görünür”.

//Safura Bənnayeva, Editor.az