“Rusiya sülhməramlı qüvvələrin fəaliyyəti müəyyən hadisələr fonunda regionda bir çox güclərin diqqət mərkəzindədir. Belə ki, bu bir neçə ildə həm Ermənistan, həm də Azərbaycan tərəfindən dəfələrlə Rusiya sülhməramlı qüvvələrinin öz funksiyalarını layiqincə yerinə yetirmədiyi məsələsi baş qaldırılanda onlar barədə bəzi müəyyən informasiyalar mətbuata yol tapırdı”.
Bu sözləri Editor.az-a Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun Rusiyanın Ukraynadakı itkiləri kifayət qədər çox olduğu üçün yaranan çatışmazlıqla bağlı Rusiyanın gizli şəkildə Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentini çıxaracağı ilə bağlı fikirlərini şərh edərkən deyib.

Politoloq Rusiyanın sülhməramlılarını Qarabağdan geri çəkəcəyinə inanmır:
” Rus sülhməramlı kontingentinin bütövlükdə ərazilərimizdən çıxarılması məsələsini gündəliyə gətirə bilməz. Çünki bu o cümlədən Rusiyanın sülhməramlı missiyasının Cənubi Qafqazda başa çatması ilə nəticələnə bilər. Moskva belə bir addım atmağa hazır deyil. Çünki Kreml bu təşəbbüsü ilə Azərbaycandan və Ermənistan məsələsindən geri çəkildiyi və eyni zamanda, Yaxın, Orta Şərqdəki fəaliyyətinin sonunu gətirmiş olar. Buna görə də Rusiya bu gün 2 minə yaxın sülhməramlı qüvvəsini Cənubi Qafqaz, xüsusilə Qarabağdan çıxartmaq fikrində deyil, sadəcə ratasiyalar ola bilər”.
Politoloqun sözlərinə görə, Rusiya hökuməti elan edib ki, hərbi xidmətə yeni çağırılmış gənc əsgərləri birbaşa müharibəyə göndərməyəcək:
“Bu baxımdan Rusiya hərbi xidmətə yeni çağırılmış vətəndaşlarını Qarabağa göndərəcək və oradakı hərbiçilərlə əvəzləyəcək. Digər qeyri fikirlər isə sadəcə şayiədir. Hesab edirəm ki, yaxın gələcəkdə rus sülhməramlıları heç bir təzyiq olmadan Qarabağdan geri çəkilməyəcək. Əgər Ukraynadakı müharibənin miqyası getdikcə daha da genişlənərsə və Rusiya məğlubiyyətə düçar olarsa, yalnız bu halda sözügedən proses baş tuta bilər”.
//Gülnarə Abasova, Editor.az

