“Rusiya hal-hazırda açıq şəkildə Ermənistan vasitəsilə prosesləri pozmağa çalışır”- Oqtay Qasımovla MÜSAHİBƏbackend

“Rusiya hal-hazırda açıq şəkildə Ermənistan vasitəsilə prosesləri pozmağa çalışır”- Oqtay Qasımovla MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az politoloq Oqtay Qasımovla müsahibəni təqdim edir:

-Oqtay müəllim, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb. Ermənistanın müxtəlif bəhanələrlə yenidən prosesi uzatmağa çalışması nə deməkdir?

-Bildiyiniz kimi, 6 aprel tarixində Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə  Avropa Birliyinin vasitəçiliyi ilə keçirilən görüşdə aprel ayının sonuna qədər sərhədlərin delimitasiya və demakrasiyası üzrə milli kommisiyaların yaradılması məsələsi razılaşdırılmışdı. O cümlədən, ikitərəfli birbaşa əlaqələrin yaradılması da bu görüşdə müəyyənləşmişdi. Ancaq bu zaman müddətində görünən odur ki, Ermənistan hər zamankı kimi prosesi yenidən uzatmağa çalışır və Brüsseldə də öz üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdı. Brüssel görüşündən sonra Ermənistanda görüşün nəticələri haqqında ciddi müzakirələr aparıldı. Ermənistan parlamentində çıxış edən Paşinyan da əslində Ermənistan cəmiyyətinə müəyyən reallıqlarla bağlı mesajlar verdi. Bundan sonra isə Ermənistanda daxili vəziyyət qarışdı, müxtəlif etiraz aksiyaları kütləvi hal almağa başladı. Bu da gözlənilən idi.

– Rəsmi İrəvan ümumiyyətlə, nəyə ümid edir?

– Əslində yeni və fərqli heç bir hadisə baş vermir. Ermənistan 30 il yürütdüyü siyasəti bu gün də davam etdirməkdədir. 90-cı illərdə özü Azərbaycan torpaqlarını işğal etdikdən sonrakı prosesləri də uzadaraq bununla işğal faktorunu əbədiləşdirmək və Azərbaycanın həmin ərazilərdən imtina edəcəyini düşünürdülər. Ancaq 44 günlük savaşdan sonra Azərbaycan öz torpaqlarını azad etdi və bundan sonrakı dövrdə Ermənistan 10 noyabr kapitulyasiya aktına imza atdı. Ermənistan hər zaman mümkün qədər prosesləri uzatmağa çalışır. Bununla hesab edir ki,  özü üçün əlverişsiz olan məqamda hansısa müqavilənin imzalanması onun maraqlarına uyğun deyil. Rəsmi İrəvan ona uyğun şəraitdə revanş götürüb yenidən Azərbaycan torpaqlarına hücum etmək niyyətində ola bilər və ya Vətən müharibəsindən sonra öz üzərinə götürdüyü öhdəliklərin şərtlərini müəyyən qədər yüngülləşdirməyə çalışır. Hal-hazırda Ermənistanda 2 həftədən çoxdur ki, davam edən müxalifətin etiraz aksiyaları da əslində müəyyən qədər Ermənistan hakimiyyətinin maraqlarına cavab verir. Çünki bu, onlara prosesi ləngitmək üçün bəhanələr verir və şərait yaradır.

-Prosesin uzadılması fonunda Zaxarovanın sərhəddə insidentlərin qarşısını almaq üçün delimitasiya üzrə komissiyanın tərkibində “təmas qrupu” kimi etimad mexanizmlərinin yaradılması ilə bağlı açıqlaması diqqət çəkir. “Təmas qrupu” nun yaradılması  nə deməkdir?

 -Məlumdur ki, Ermənistanda hal-hazırda baş verən proseslərin və rəsmi İrəvan tərəfindən Avropa Birliyinin təşəbbüsü ilə başladılan prosesin ləngidilməsi və yaxud pozulmasının arxasında birbaşa Rusiya dayanır. Biz bilirik ki, 6 aprel Brüssel görüşündən sonra Ermənistan XİN rəhbəri, daha sonra baş naziri Moskvaya  çağırılaraq onalara müəyyən təlimatlar verildi. Bundan sonra  Ermənistanın davranışında və açıqlamalarında dəyişikliklər müşahidə edildi. Rusiya Ermənistan vasitəsilə beynəlxalq güclərin prosesə qarışmasının qarşısını almağa çalışır. O, hesab edir ki,  Cənubi Qafqaz onun təsir zonasıdır və burada proseslər onun nəzarəti altında olmalıdır. Rusiya indi Ermənistan vasitəsilə prosesləri pozmağa çalışır. Rusiya bununla Azərbaycan və Ermənistan arasında münasibətlərin normalaşması ilə bağlı bütün məsələləri öz nəzarəti altında saxlamaqda davam etməyə çalışır. Bu “təmas qrupu” da əlavə təsir mexanizmlərindən biri kimi nəzərdə tutulur.  Cənubi Qafqazda Rusiya və Qərbin maraqları toqquşur və güclü rəqabət gedir. 22  may tarixində Brüsseldə Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti grörüşünün olacağı ilə bağlı məlumatlar yayılır. Bu görüşdən sonra proseslərin hansı istiqamətdə davam edəcəyi konkret məlum ola bilər.

//Gülnarə Abasova, Editor.az