“Ermənistanın yeni təyin olunmuş xarici işlər nazirinin Moskva səfəri onların gözlədiyi kimi nəticələnmədi. Erməni mediasında da aydın görmək olar ki, ermənilər Lavrovun bəyanatlarından razı qalmayıb”.
Bu sözləri Editor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib.

O, bildirib ki, Lavrov ərazi bütövlüyü, mina xəritələrin verilməsi , ermənilərin uzun müddətdir polemika apardığı “əsirlərlə” bağlı fikirlərində Azərbaycanın mövqeyini təkrarlayıb:
“Lavrov qeyd edib ki, 9 noyabrdan sonra Azərbaycan ərazisinə keçənlər əsir hesab edilmir. Bununla da uzun müddətdir Azərbaycan cəmiyyətində narazılığa səbəb olan Rusiyanın siyasi mövqeyində müəyyən yumşalmalar olduğunu gördük. Ermənilərin xeyli müddətdir “əsirlər”i ilə bağlı beynəlxalq mediada apardıqları kampaniya da fiaskoya uğradı. Ermənistan Rusiyaya həmin erməni hərbiçilərinin əsir olduğunu təsdiqlənməsi və Azərbaycandan onların geri qaytarılması ilə bağlı tələblər irəli sürürdü. Lakin Rusiya xarici işlər naziri rəsmi şəkildə bildirdi ki, həmin şəxslər 9 noyabrdan sonra Azərbaycan ərazilərinə daxil olublar. Bununla o demək istəyir ki, onlar əsir hesab olunmur”.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan siyasi elitasının açıqlamaları da göstərir ki, Ararat Mirzoyanın Moskva səfəri uğursuz nəticələnib:
” Rusiya hələ də Paşinyan və onun təyin etdiyi kadrlara güvənmir. Buna görə də Ermənistanın Rusiyaya qarşı yaltaqlıq siyasəti nəticəsiz qalır. Ermənistan rəhbərliyi nə qədər status məsələsini ortaya qoysa da, Cənab Prezident İlham Əliyevin dediyi kimi status məsələsindən söhbət gedə bilməz. Çünki ortada Qarabağla bağlı anlaşılmayan məqam yoxdur, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquqla təmin olunub. Azərbaycanın ərazi suverenliyinə qarşı atılan addımlara “dəmir yumruq”la cavab veriləcək. Ermənistan tərəfinin verdiyi açıqlamalar sadəcə boş blef ve erməni publikasına hesablanmış yalanlardan başqa bir şey deyil!”.
//Gülnarə Abasova, Editor.az

