“Ukraynanın Kurskda apardığı hücum əməliyyatının mahiyyəti Rusiya ərazilərini ələ keçirmək yox, Rusiyaya şərtlər qoymaq üçündür”.
Bu fikri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq bildirib ki, Ukraynanın daha çox Rusiya ərazisi ələ keçirməsini planlaması məhdud xarakter daşıyır:
“Əvvəla bunun üçün Ukraynanın ciddi potensialı yoxdur, sonra isə daha çox ərazi ələ keçirmək, Rusiyanın dərinliklərinə kimi irəliləməyin yeri yoxdur. Çünki indi və ya bundan dəfələrlə çox ərazi ələ keçirməyin mahiyyəti eynidir. Bu, heç nəyi dəyişmir.
Əgər irəli gediləcəksə, sona qədər, yəni Moskvaya kimi gedib Rusiya hakimiyyətini dəyişmək lazımdır. Bu isə fantastik bir işdir. Rusiya ərazisinin özü bir silahdır. Ərazinin böyüklüyü onu işğal etməyə, hakimiyyəti devirməyə imkan verməz. Tarixdə belə hallar Rusiyada çox olub. Rusiya hələlik hazırlıq görür. Yaxın zamanda əraziləri geri almağa çalışacaq.
Burada vəziyyəti NATO əsgərlərinin Rusiya ərazilərinə Ukrayna ordusu şəklində daxil olması dəyişə bilər, hansı ki belə xəbərlər gəlməkdədir. Amma bunun kiçik qruplar şəklində olduğu bildirilir. Geniş şəkildə Qərbin əsgərlərinin Rusiya ərazilərinə daxil olması ehtimalı çox təhlükəli tendensiya olardı”.
//Gülnarə Abasova, Editor.az