“Rusiya ilə Ermənistan arasında ciddi problemlər yaranacaq”
“Nikol Paşinyanın ATƏT-in Minsk Qrupundan olan müşahidəçilərin Azərbaycan-Ermənistan sərhəddinə yerləşdirilməsi ilə bağlı açıqlaması Rusiyaya qarşı yönəlib və məqsəd rəsmi Kremlin mövqeyini zəiflətməkdir”.
Bu sözləri Editor.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmləri üzrə fələfə doktoru Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, Ermənistan ciddi şəkildə Rusiyadan aslıdır: “Vaxtilə Sarkisyanı iqtidardan devirib, Paşinyanı hakimiyyətə gətirən qüvvələr, hansı ki, onları qərb təsisatları dəstəkləyirdi, Rusiyanı bölgədən çıxarmağa çalışır. Paşinyan əslində elə bu məqsədlə hakimiyyətə gətirilmişdi və bu gün də öz missiyasını icra edir. O, bütün siyasi fəaliyyəti boyu Rusiyanın əleyhinə olub və Ermənistanın gələcəyini Avropada və liberal dəyərlərin yanında görüb”.
Zaur Məmmədov qeyd edib ki, Moskva heç bir halda digər dövlətlərin sülhməramlılarının yerləşməsinə imkan verməyəcək: “20 iyun seçkilərindən sonra Rusiya-Ermənistan münasibətlərində ciddi problemlər yaşanacaq. İrəvan və Moskva arasındakı gərginlik Bakının xeyrinədir. Biz tarixi təcrübəyə istinad etsək, bunu aydın görürük”.
Gülnarə Abasova, Editor.az

