Ali Radanın bütün fraksiyaları hərbi əməliyyatlar dövründə Ukrayna ərazisində prezident və parlament seçkilərinin keçirilməyəcəyinə dair sənədi imzalayıb.
Editor.az xəbər verir ki, seçkilər hərbi vəziyyətin ləğvindən ən azı altı ay sonra keçiriləcək. Parlamentin saytında “Jan Monnenin doqquzuncu dialoqu” zamanı qəbul edilmiş nəticələr” adlı sənəd dərc olunub. Sənəd layihəsi noyabrın 10-dan 12-dək Avropa Parlamenti ilə keçirilən görüşdə formalaşdırılıb. Ukraynanın “Strana” nəşrinin həmsöhbəti bildirib ki, imzalanmış sənəd hərbi münaqişə zamanı seçkilərin keçirilməsinə əlavə maneə olacaq.
Onun sözlərinə görə, Ukrayna prezidentinin ofisi 2024-cü ildə baş tutmalı olan prezidentlik kampaniyası üçün böyük risklər görür. “Jan Monnenin Dialoqu” 2016-cı ildə Avropa Parlamenti tərəfindən yaradılıb. Ona Avropa Parlamentinin keçmiş prezidenti Pat Koks moderatorluq edəcək. Qurum müxtəlif siyasi qüvvələr arasında dialoqu təmin etmək üçün nəzərdə tutulub.
Ukrayna parlamentindəki “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia noyabrın 25-də bildirib ki, 2024-cü ildə Ukraynada nə prezident, nə də parlament seçkiləri olacaq. Noyabrın 6-da Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, indi ölkədə seçki “vaxtı deyil”.
//Samir Qurbanov, Editor.az

