“Bəzən bu cür informasiyalar beynəlxalq ictimai rəyi yönləndirmək məqsədi daşıyır. İstisna etmək olmaz ki, Rusiya mətbuatının yaydığı belə bir informasiya Ukraynanı dəstəkləyən Avropa İttifaqına hesablanıb. Əsas məqsəd də o ola bilər ki, Rusiya Avropa İttifaqının şəxsi elitasına, ictimai rəyinə informasiya ötürür ki, Ukrayna gizli şəkildə Rusiya ilə danışıqlar aparır. Bu da Ukraynanı dəstəkləyən ölkələrin ona inamını zədələyə bilər. Təbii ki, bunu həm də hadisələrin inkişafında Rusiyanın qarşısında olan cəbhənin parçalanması, zəifləməsinə hesablanmış bir addım kimi qiymətləndirmək olar”
Bunu Editor.az-a politoloq Asif Nərimanlı Rusiya ilə Ukrayna arasında gizli pərdəarxası danışıqlar aparması barədə yayılan informasiyaları şərh edərkən deyib.
O bildirib ki, digər tərəfdən Rusiya ilə Ukrayna arasında müəyyən təmasların ola biləcəyi reallığını da istisna etmək olmaz:
“Çünki mövcud vəziyyətdə razılaşmanın əldə olunmaması faktiki olaraq hər iki tərəfə ziyandır. Artıq müharibəni davam etdirmək Rusiya üçün çətinləşir. Rəsmi Moskva çalışır ki, hazırda Trampın hakimiyyətdə olduğu dövrdə yalnız bu vəziyyətdə müəyyən anlaşmalarla nəticə əldə edə bilsin. Ancaq zaman uzandıqca ABŞ-la anlaşmalar ehtimalı zəiflədikcə Rusiya üçün risklər daha da artır.
Ukrayna üçün də vəziyyət eynidir. ABŞ-ın dəstəyi olmadan müharibəni aparmaq mümkün deyil. Digər tərəfdən Avropa İttifaqının da Ukraynaya dəstəyi ilə bağlı fikri birmənalı deyil. Müəyyən fikir ayrılıqları Ukraynaya dəstəyin azalmasına, kəsilməsinə gətirib çıxara bilər. Hətta Qərb Ukraynaya tam dəstək versə belə bu, ABŞ-ın dəstəyini əvəz etmir. Belə ki, bu reallıqlar Ukraynanın müharibədə müqavimət imkanlarını zəiflədir”.
Politoloqun sözlərinə görə, əgər arxa fonda Ukrayna Rusiya ilə danışıqlar aparırsa, bu, Ukraynanın manevr etməsi kimi qiymətləndirilməlidir:
“Çünki mövcud vəziyyət Ukrayna üçün bir neçə danışıqlar masası var; biri Səudiyyə Ərəbistanı, digəri Türkiyə. Hər iki masada demək olar ki, nəticələr Ukraynanın ziyanınadır. Məsələ isə odur ki, həmin masalarda da diktə edən tərəf təkcə Rusiya deyil, həm də ABŞ-dır. İndiyə qədər ona dəstək verən Vaşinqton artıq Kiyevi məcbur edir ki, onun əleyhinə olan sülh sazişinə imza atsın. Bu baxımdan Ukrayna müxtəlif manevrlər edə bilər. Hesab edirəm ki, Türkiyə masasına gəlmək də bu manevrlərdən biri idi. Çünki Səudiyyə Ərəbistanından fərqli olaraq Türkiyədə aparılan danışıqlarda Ukraynanın mövqelərinin nəzərə alınması ümidi var idi. Bu konteksdə Rusiya ilə arxa fonda ikitərəfli danışıqların aparılması da edilən manevrlər biri ola bilər. Ancaq yenə də bu məsələ müəyyən qədər şübhə doğurur. Çünki hazırkı proseslərə baxdıqda hər iki tərəfin bir masaya gəlib anlaşması ehtimalı zəifdir. Belə bir təmas varsa, hər iki tərəf əlini gücləndirmək üçün yol axtarır deməkdir”.
//Gülnarə Abasova, Editor.az