“Ermənistan sabiq xarici işlər naziri Vardan Oskanyan Ermənistanda hakimiyyətin dəyişməsinin ölkə üçün müsbət nəticələnəcəyini bildirib. Sabiq siyasətçilərin baxışları həmişə təzadlı olur”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
O, bildirib ki, Oskanyan uzun illər xarici işlər naziri rütbəsində çalışanda düşünməliydi ki, Ermənistan simaları yox, siyasəti dəyişməlidir:
“Bu siyasət Ermənistana heç bir müsbət nəticə verməyib. Hətta işğal dövründə, müharibə zamanında da Ermənistan çapalamağa başlamışdı. Bu siyasətdən Ermənistan nə qədər tez əl çəkərsə, onun xeyrinə olar. Oskanyan elə bu qarşıdurmanın olmasında maraqlı olan insanlardan biridir. Onların istəyi odur ki, Azərbaycanın dağıtdığı status-kvonu yenidən bərpa etsinlər. Bu isə onsuzda baş verməyəcək.
Kür, Arpaçay tərsinə axsa belə bu reallaşacaq arzu deyil.
Bu açıqlamalarla siyasi bazarı yenidən qızışdırmağa çalışır. Hakimiyyəti ittiham edərək uğursuzluqları bununla əlaqələndirmək istəyirlər. Bu uğursuzluqların məsuliyyəti eyni zamanda keçmiş prezidentlər Robert Koçaryan, Serj Sarkisyan və xarici işlər nazirlərinin üzərindədir. Onlar bu oyunları oynamaqla öz qüvvələrinə, cəmiyyətə günahsız olduqlarını anlatmağa çalışırlar. Bəs sizin yeritdiyiniz siyasət nədən xəbər verirdi? Ermənistanın burnundan uzağı görmədiyini göstərirdi”.
Politoloqun sözlərinə görə, onlar anlamır ki, bölgədə yaşayıb qonşu dövlətlərlə münasibətləri qızışdırmaq gələcəyi olmayan siyasətdir:
“Ermənistan ərazi iddialarını dilə gətirməkdən əl çəkməlidir. Bu bölgədə yaşayıb, normal həyat tərzi sürmək istəyirlərsə, gərək birdəfəlik bilsinlər ki, bu fikirlərdən uzaqlaşsınlar. Bölgədəki iki dövlət Azərbaycan və Türkiyə onlarla sərhədləri bağlayıb deyə Ermənistan yarım haldır. Sözün əsl mənasında gələcəklə bağlı heç bir ümidləri yoxdur. Oskanyanın dedikləri cəfəngiyatdır. Bununla razı deyiləm. Rusiya nə qədər ki, bölgədə söz sahibidir, Paşinyan hakimiyyətdə qalacaq. Onun hakimiyyətinə Rusiya mane olmasa, heç kəs dəyişə bilməz. Paşinyan əslində yavaş-yavaş Ermənistan cəmiyyətini reallığa hazırlayır. Ermənistan reallığı görə bilmir. Tamam başqa təsvir etməyə çalışırlar. Rusiya indi özünü təmkinlə aparır. Amerika Birləşmiş Ştatları burada heçnəyi dəyişə bilməz. Onların siyasəti müxtəlif bölgələrdə mübahisəli məsələlərdə ölkələri bir-birinə vurmağa hesablanıb. Çünki elə düşünürlər ki, belə olan halda onlar söz sahibi olacaqlar. ABŞ-ın siyasətində barışıq komponenti çox zəifdir. Onlara sərfəli deyil.
Ermənistan əvvəl- axır 10 noyabr bəyanatının şərtlərinə əməl edəcək. Əgər Ermənistan bunlara əməl etməsə, Zəngəzur dəhlizi açılmasa, burada heçnə dəyişməyəcək. Bu Amerikanın deyil, Qərbin, Fransanın işidir. Burada Türkiyə Rusiya, Fransa, İran, Azərbaycan, Gürcüstan altılıq formatı ən münasib çıxış yolunu vəd verir. Rusiya da bu prosesdə Azərbaycanın tərəfindədir”.
//Safura Bənnayeva, Editor.az

