Rusiya Müdafiə Nazirliyi Kiyevin BMT baş katibinin Ukraynaya səfəri zamanı Zaporojye Atom Elektrik Stansiyasında rezonans doğuracaq təxribat hazırladığını açıqlayıb.
Editor.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, Kiyev təxribat hazırlayıb və günahı Rusiyanın üzərinə atmağı planlaşdırıb.
Ukrayna ordusunun təxribata hazırlıq çərçivəsində Zaporojye bölgəsində radiasiya müşahidə məntəqələri yerləşdirdiyinə diqqət çəkən Konaşenkov, ordu hissələrinin Zaporojyedə keçirdiyi təlimlərdə radiasiya çirklənməsi şəraitində hərəkətlərin həyata keçirildiyini də bildirib.
“Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin 704-cü Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Batalyonunun bölmələri avqustun 19-dək Zaporojyedə yerləşdirilir və onlar Zaporojye Atom Elektrik Stansiyasında baş vermiş qəzanı qeydə almağa və onların aradan qaldırılması üçün tədbirlər görməyə hazırlaşırlar. Avqustun 19-da Ukrayna Silahlı Qüvvələrinin 44-cü Artilleriya Briqadasının bölmələri Nikopol şəhərində yerləşən atəş mövqelərindən Zaporojye Atom Elektrik Stansiyasının ərazisinə artilleriya zərbələri endirməyi planlaşdırır. Bu atışmaların nəticələri Rusiya Silahlı Qüvvələrinin üzərinə atılacaq”,- deyə İqor Konaşenkov bildirib.
//Gülnarə Abasova, Editor.az

