“Bu proses paralel getməlidir. Həm kommunikasiyalar açılmalı, həm də sülh müqaviləsi imzalanmalıdır”.
Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiya baş nazirinin müavini Aleksey Overçukun TASS agentliyinə müsahibəsində kommunikasiyaların açılması ilə bağlı ən böyük problemin etimad olduğunu və Rusiyanın iki ölkə arasında həmin məsələdə maraqlı olduğunu vurğulamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan hər iki istiqamətdə fəal iş aparır:
“Proseslərin gedişatı göstərir ki, Ermənistan hələ də sülh sazişinə hazır deyil. Rusiya da bu gün kommunikasiyaların açılmasında maraqlıdır. Bu, Azərbaycanın da maraqlarına uyğundur”.
Deputat eyni zamanda hər bir məsələdə maneə yaratmaqda meyilli olan Ermənistanın bu dəfə də uğur qazana bilməyəcəyini vurğulayıb: “Rəsmi İrəvan uzun müddət bu prosesə mane ola bilməyəcək. Çünki Rusiya sərhədlərin qısa müddətdə açılmasını istəyir. Rəsmi Moskva da bu gün həmin yollardan istifadə edərək yükdaşımalarının həyata keçirilməsini planlaşdırır. Yəni, indiki halda Rusiyanın buna çox ehtiyacı var. Bütün hallarda ölkə üçün hər iki məsələ olduqca əhəmiyyətlidir. Rusiyanın isə kommunikasiyaların açılmasında maraqlı tərəf olması proseslərin xeyrinədir “.
//Safura Bənnayeva, Editor.az

