Rusiya KTMT missiyasını Ermənistanda yerləşdirməkdə niyə təkid edir?-AÇIQLAMAbackend

Rusiya KTMT missiyasını Ermənistanda yerləşdirməkdə niyə təkid edir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın israrla KTMT missiyasını Ermənistanda yerləşdirmək istəməsində iki başlıca səbəb var”.

Bu fikirləri Editor.az-a politoloq Turab Rzayev Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Ermənistanda KTMT missiyasını yerləşdirməklə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Zaxarovanın fikirlərinin arxasında duran səbəblərdən birincisi odur ki, Rusiya Avropa İttifaqının missiyasını gözdən salmaq istəyir:

“Çünki həmin missiyanın vəzifəsi Ermənistanda və Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müşahidə etməkdir. Faktiki olaraq KTMT missiyasını daha geniş tərkibli və böyük səlahiyyətlərə göndərməklə Avropa İttifaqının xüsusilə də Fransanın Rusiyanın nüfuz dairəsi olan Ermənistana və Cənubi Qafqaza gəlməsinin qarşısını almağa çalışır. Aİ-nin bu mülki missiyasının mövcudluğu dolayısı ilə Fransanın Cənubi Qafqazda hərbi,siyasi varlığını artırmaq məqsədi daşıyır. Rəsmi Moskva isə buna qarşı çıxır “.

Politoloqun fikrincə, Rusiya bu missiyanı Ermənistan-Azərbaycan şərti sərhədində yerləşdirməklə bütün nəzarəti öz əlinə almağa çalışır:

“Bu istəyini reallaşdırdığı təqdirdə hər iki tərəf üçün hərbi təxribatlar törədə bilər, sülh prosesini istənilən məcraya yönəldə bilər. Bununla da sülh prosesinin nizamlanması, sərhədlərin delimitasiya-demarkasiyası da rəsmi Moskvanın nəzarətində olacaq. O faktiki olaraq Azərbaycan-Ermənistan sərhədlərinə nəzarət edəcək. Ermənistan isə bunu istəmir. Nikol Paşinyanın əsas məqsədi Rusiyanı öz ərazilərindən çıxartmaqdır. Bu məsələdə İrəvan hakimiyyəti daha çətin şərtlər qoyub prosesi uzadaraq müqavimət göstərməyə çalışır. Son sərhəd təxribatından sonra İrəvan Moskva qarşısından müəyyən qədər geri çəkilib. Ortaq məqam kimi KTMT missiyasının Aİ missiyası kimi fərqli ərazilərdə yerləşdirilməsinə razılıq verilə bilər “.

//Safura Bənnayeva, Editor.az