“Rusiya Müdafiə naziri Sergey Şoyqu bu məsələ ilə bağlı bir neçə dəfə rəsmi açıqlama verib. KTMT-nin missiyasının bölgəyə yerləşdirilməsi barədə Azərbaycanın mövqeyi açıq-aşkar məlumdur”.
Bunu Editor.az-a Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxışı zamanı KTMT missiyasının regiona göndərilməsi ilə bağlı məsələni müzakirəyə çıxartmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan bu gün öz ərazisini həm siyasi, həm diplomatik, həm də hərbi plastarma çevirməklə açıq şəkildə mövqe ortaya qoyub:
“Ərazilərinə Avropa İttifaqının mülki missiyası adı altında qüvvələr yerləşdirib. Onların hansı fəaliyyətlə məşğul olduqları da heç kimə məlum deyil. KTMT ilə Ermənistan münasibətləri də bəllidir. Nikol Paşinyan hakimiyyətə gəldiyi anda atdığı ilk addımlardan biri də KTMT-yə rəhbərlik edən erməniəsilli şəxsi həbs etdirmək oldu. Bununla yanaşı, o gah Rusiyayönümlü, gah da Qərbyönümlü manevr siyasət yürüdür “.
Politoloqun fikrincə, 10 noyabr bəyanatına əsasən Qarabağda yerləşdirilən rus sülhməramlılar ilə Ermənistan ərazisində yerləşdirilmiş Avopa İttifaqı missiyası arasında rəqabətin yaradılması əslində rəsmi İrəvanın maraqlarına cavab verən məqamlardandır:
“Ümumiyyətlə isə Ermənistanın məqsədi regionda çaxnaşma yaratmaq, sülh sazişinin imzalanmasına maneə törətmək və bir neçə tərəfi regiona cəlb etməklə gərginliyi artırmaqdır. Ərazilərimiz işğal altında qaldığı vaxtlarda da digər qüvvələri məsələyə cəlb etməyə çalışırdı. Rəsmi İrəvan KTMT missiyasının ərazisində yerləşdirilməsinə qarşıdırsa, vaxtilə də Avropa İttifaqı missiyası adı altında Fransa jandarmalarının öz ərazilərində yerləşdirilməsinə imkan yaratmamalı idi. Rusiyanın isə bu istiqamətdə təkidlərinin artmasına elə İrəvan imkan yaradır. Bu kimi hallar isə gərginliyin artmasına səbəb olacaq “.
//Safura Bənnayeva, Editor.az