“Rusiya KTMT missiyasının bölgəyə gətirilməsində maraqlıdır”-AÇIQLAMAbackend

“Rusiya KTMT missiyasının bölgəyə gətirilməsində maraqlıdır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“KTMT-nin monitorinq missiyasının əraziyə yerləşdirilməsi haqqında fikirlər əslində Ermənistan və Rusiyanın siyasi hesablaşmalarının nəticəsi kontekstində qiymətləndirilməlidir”.

Bunu Editor.az-a hərbi ekspert Elxan Şıxəliyev Rusiya Təhlükəsizlik Şurasından (TŞ) verilən məlumata görə, Rusiyanın Ermənistanın Azərbaycanla sərhədində KTMT-nin monitorinq missiyasının yerləşdirilməsi təklifinin qüvvədə qalmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin missiyanın Azərbaycan ərazilərində yerləşdirilməsi mümkün deyil: “Ərazilərimizdə hər hansı ölkənin missiyasının yerləşdirilməsi qəbuledilməzdir. Ermənistan Rusiyanın siyasi- hərbi gücünü ərazilərindən çıxartmaq üçün yol xəritəsi müəyyən edib. Tərəflər arasındakı hesablaşmaların nəticəsini qabaqlamaq məqsədilə Rusiya Təhlükəsizlik Şurası bu addımları atır. Bu yeni məsələ deyil. Bütün zamanlarda rəsmi Moskva öz təsirini Ermənistan üzərində saxlamaqda davam edir. Hərbi güclə yanaşı iqtisadi güc də mövcuddur. Rəsmi İrəvanın bir çox iqtisadi resursları, şirkətləri rəsmi Moskvanın nəzarətindədir”.

Hərbi ekspertin fikrincə, Ermənistan və Rusiya arasında ciddi mübarizə gedir:

“Məsələ ilə bağlı Azərbaycandan müsbət cavab alacaqlarını düşünmürəm. Avropa İttifaqının 200 nəfərlik mülki missiyasının Ermənistana yerləşdirilməsi zamanı da Azərbaycana gətirilməsinə icazə verilmədi. Beynəlxalq qurumlar qarşısında belə bir öhdəliyimiz də yoxdur ki, hansısa ikinci, üçüncü qüvvə öz missiyasını ərazilərimizə yeritsin. Biz bu məsələni öz torpaqlarımızın suverenliyini bərpa etməklə və Laçın nəzarət- buraxılış məntəqəsini yaratmaqla sıfırlamışıq. Daxildəki qeyri-qanuni birləşmələr də qırmızı xətlərimizdir. Zamanla onlar da ya silahsızlaşdırılacaq, ya da məhv ediləcəklər. Antiterror əməliyyatları da qapıdadır. Rusiya sülhməramlılarının mandatı bitdikdən sonra ərazilərimizdən çıxıb getməlidirlər. Bununla da rəsmi Moskvanın Azərbaycan üzərindəki təzyiqinin sonlanması gözləniləndir”.

E.Şıxəliyev vurğulayıb ki, Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsində rəsmi İrəvanı cəsarətləndirən tərəflər var:

“Buraya Avropa İttifaqının NATO-ya daxil olan ölkələrinin siyasi beyin mərkəzləri daxildir. Cənubi Qafqazdan Rusiyanın çıxarılmasında öncülüyün Ermənistan tərəfindən baş tutmasını gözləyirlər. Bununla da Fransa rəsmi Moskvanı əvəz edəcək. KTMT və Rusiyanın hazırkı düşüncələri Azərbaycanı maraqlandırmır. Rəsmi Bakının siyasi-hərbi iradəsi 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə qarşıya qoyduğu hədəflərə mərhələ-mərhələ nail olmasından aydın olur”.

//Safura Bənnayeva, Editor.az