Rusiya mediası Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumunda çıxışından yazıb – FOTObackend

Rusiya mediası Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumunda çıxışından yazıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı Rusiya mediası tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, “News.ru” nəşri Prezidentin İlham Əliyevin Fransanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə qeyri-adekvat reaksiyasını pisləməsindən yazıb. Sayt dövlətimizin başçısına istinadla qeyd edib: “Burada beynəlxalq reaksiya haqqında danışarkən mən bir ölkənin mövqeyini təəssüflə qeyd etməliyəm. Bu mövqe beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir. Bu ölkə Fransadır”.

“Vestnik Qafqaza” agentliyi Azərbaycan Liderinin “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb” fikirlərini önə çıxararaq, Fransanın regionda sülhün bərqərar olması prosesinə maneə törətdiyini vurğulayıb. Prezident İlham Əliyevin Forumda çıxışına həsr olunmuş materialda, həmçinin bildirilir ki, rəsmi Bakı ermənilərin birtərəfli qaydada Qarabağa qayıtmaları ilə razılaşmır. Nə qədər ki, Makron erməni revanşizmini dəstəkləyir, Fransa vasitəçi statusuna namizəd ola bilməz və beləliklə, Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində iştirakı şansı azalır.

TASS, “RBK” agentlikləri, “Arqumentı i faktı”, “Lenta.ru”, “Qazeta.ru” və digər nəşrlər Azərbaycan Prezidentinin çıxışında sülhə çağırışların olmasından yazıblar. Dövlətimizin başçısının Azərbaycanın Qarabağ məsələsi öz həllini tapdıqdan sonra sülh prosesini davam etdirməyə hazır olması və indi regionda düşmənçiliyə son qoymaq vaxtının yetişməsi barədə dediklərini oxuculara çatdırıblar.