Ötən gün Rusiyanın dövlət agentliyi olan “RİA Novosti” növbəti dəfə təxribata yol verib. Separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Artak Beqlaryandan müsahibə alıb və onu tirajlayıb. Rusiya mətbuatında Azərbaycana qarşı qərəzli mövqe nümayişi, vaxtaşırı olaraq təxribatlara əl atılması prosesi davam edir. RİA-nın müsahibi Azərbaycana qarşı iftiralar atıb, ölkəmizi ittiham etməkdən çəkinməyib. Ekspertlər bildirirlər ki, müsahibədə “Rusiya sülhməramlıları Qarabağda qeyri-müəyyən müddətə qalmalıdır” və “Avropa İttifaqı “münaqişənin” həllində iştirak etməməlidir fikirləri məhz Rusiyanın mövqeyini xarakterizə edir.
Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, rəsmi Moskvanın niyyəti elə əvvəlcədən separatizmi dəstəkləməkdir:

” Onlar erməni terrorçularının dilindən öz niyyətlərini çatdırırlar. Rusiya sülhməramlıların çıxmasından sonra Qarabağda hər hansı bir şəkildə Azərbaycanın hegemonluğuna icazə vermək istəmir. Rusiya bir erməni separatçısının əli ilə rus sülhməramlıların qalma müddətinin uzanacağını çatdırır. Lakin onların bu istəklərinin reallaşması isə Azərbaycanın əlindədir. Azərbaycan icazə verməsə rus sülhməramlılar orada necə qala bilər? Qarabağda veriləcək bütün qərarlar yalnız və yalnız rəsmi Bakının imzası ilə olacaq”.
Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a bildirib ki, Rusiya hal-hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqları sabotaj edir:

“Rusiya dövlət kanalının separatçıdan müsahibə alması ölkənin rəsmi siyasətinin təzahürüdür. Moskva tərəfindən verilən rəsmi bəyanatlarda da göründüyü kimi, Avropa İttifaqının normallaşma prosesinə vasitəçiliyi qətiyyən qəbul etmir, siyasi maraqlarına təhdid hesab edir. Yəni Rusiya tərəfindən bu cür mesajlar Azərbaycan ərazi bütövlüyünə edilən hörmətsizlikdir. Azərbaycan da haqlı olaraq “RİA-Novosti” nin Azərbaycanda yayımını bloklayıb. Ümumiyyətlə, Rusiya 10 noyabr bəyannaməsinin imzalanmasında vasitəçi olmasına baxmayaraq bütün səyləri ilə bu razılaşmanın həyata keçirilməməsinə çalışır. Kreml tərəfindən Qarabağda rus sülhməramlıların daimi qalıcılığı istiqamətində işlər gedir. Təbii ki, rəsmi Moskvanın bu siyasəti də nəticə verməyəcək. Türkiyə-Azərbaycan tandemi Rusiyanın bu təxribatlarının qarşısını almaq gücündədir”.
Politoloq qeyd edib ki, “RİA Novosti” Rusiyanın siyasi ideologiyasının əsas ruporudur:
” Bu kanalda verilən verilişlər birbaşa Kremlin göstərişi ilə hazırlanır və yayımlanır. Bu dövlət agentliyinin əməkdaşlarının Qarabağa səfəri də qanunsuz hesab olunur. Separatçılardan Azərbaycan əleyhinə alınan həmin müsahibə Rusiyanın da qol çəkdiyi 2022-ci il 22 fevral müttəfiqlik bəyannaməsinə ziddir”.
//Gülnarə Abasova, Editor.az

