İSTİQAMƏT: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Son günlər Qarabağda baş verənlər, Azərbaycan Ordusunun Fərrux kəndi və ətraf yüksəklilərə nəzarət etməyə başlaması və bütün bunların fonunda Rusiyanın Azərbaycana yönəlik davranışı 44 günlük Vətən Müharibəsindən sonra miqyasına və strateji əhəmiyyətinə görə ən ciddi hadisələrdən biri kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, Qarabağda Azərbaycan Ordusunun Fərrux kəndi və ətraf yüksəklilərə nəzarət etməyə başlamasından sonra Rusiya Müdafiə nazirliyi guya faktı təkzib edən bəyanatla çıxış etd
Ardınca isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi rəsmi şəkildə elan etdi ki, Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Yəni Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əksolunan məqamlar həqiqətə uyğun deyil.
Kremlin son davranışlarını Editor.az-a şərh edən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Rusiya tərəfinin də Fransa və ABŞ-dan sonra Azərbaycanı qınayan bəyanatla çıxış etməsi çox təəssüf doğurur:

“Rusiya Müdafiə Nazirliyinin saytında əks olunan Azərbaycan silahlı qüvvələri üçtərəfli bəyanatın müddəalarını pozaraq sülhməramlıların məsuliyyəti zonasına daxil olub ifadəsi də mövcud reallığın tamamilə əksinədir. Çünki Rusiya sülhməramlıların məsuliyyət zonasında üçtərəfli bəyanatın tələblərini pozan ilk növbədə Rusiyanın özüdür. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli bəyanatın 4-cu bəndinə əsasən Rusiya sülhməramlıların Qarabağa daxil olması ilə paralel olaraq Ermənistanın silahlı birləşmələri ölkəmizin ərazisini tərk etməli idilər. 1,5 ildir ki, Rusiya sülhməramlıları Azərbaycanın ərazisindədirllər. Niyə onlar erməniləri tərk silah etmirlər? Bu, üçtərəfli razılığın tələbidir. Məhz erməni separatçıları tərksilah olunmadığına görə mütəmadi olaraq təxribatlar baş verir”.
Millət vəkilinin sözlərinə görə Azərbaycanın tam suveren hüququdur ki, öz ərazisində təxribat törədən təxribatçı qrupları zərərsizləşdirsin:
“Burada sensasiya doğuracaq heç nə yoxdur. Biz Qarabağda yaşayan erməni əsilli əhalini də öz vətəndaşımız hesab edirik. Həm də yaxın gələcəkdə erməni vətəndaşlarımızla birgə yaşamayacağımız haqqında öz fikirimizi bildirmişik. Qarabağ ərazisində mövcud olmayan Dağlıq Qarabağ ifadəsini işlətmək, Fərruxu Furrux adlandıraraq kənddən Azərbaycan hərbiçilərinin geri çəkildiyini bildirmək və separatçıların təxribatçı əməllərini dəstəkləmək heç də Rusiya ilə imzaladığımız müttəfiqlik sənədinin ruhuna uyğun deyil. Azərbaycan 44 günlük Vətən müharibəsində döyüş meydanında qələbəyə nail olaraq Ermənistanı kapitulyasiya sənədinə imza atmağına məcbur edib.
Belə çıxır ki, Rusiya Ermənistanın belə acı məğlubiyyətə uğrayacağını gözləmirdi və Azərbaycanın öz ərazi bütövlüyünün təmin edilməsini istəmirdi. Təbii ki, Rusiya tərəfinin Qarabağda cərəyan edən hadisələrə ədalətə söykənməyən birtərəfli münasibəti ölkələrimiz arasında uzun illər formalaşmış dostluq və səmimi qonşuluq münasibətlərinin əksinədir. Biz Rusiya sülhməramlılarının Qarabağda fəaliyyətinə, o ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə icazə vermişik. Eyni zamanda, rus sülhməramlıları yaxın gələcəkdə qaçqınlarımızın Xankəndi və ətraf rayonlarımıza qayıtması prosesində təhlükəsizliyin təmin olunması və birgə yaşayış üçün etimad mühitinin formalaşmasına töhfə verməlidir. 10 noyabrda imzaladığımız üçtərəfli bəyanat birtərəfli qaydada ancaq Azərbaycan üzərində məsuliyyət qoymur.
Bu bəyanat bəyanata imza atan bütün tərəflərin icrası üçündür. Ona görə də Rusiya tərəfi erməni separatçılarını ruhlandıran bəyanatların səsləndirilməsi əvəzində ölkələrimiz arasında imzaılanmış üçtərəfli bəyanatların icrasının tezləşdirilməsi istiqamətində iş görməlidirlər. Üçtərəfli bəyanata imza atmış tərəflər hərə öz üzərinə düşün vəzifəni icra etsələr əlavə söz -söhbətlərin yaranması üçün mövzu qalmaz”.
Hərbi ekspert Ədalət Verdiyev isə Editor.az-a bildirib ki, Rusiya Müdafiə Nazirliyinin 27 mart tarixində yaydığı qərəzli məlumatlar Azərbaycanla Rusiya arasındakı mövcud münasibətlərin ruhuna tamamilə ziddir:

” Bu bir daha onu göstərir ki, Rusiya MN ölkə rəhbəri Vladimir Putinin Azərbaycanla mövcud münasibətlərinə ziyan vurmaq məqsədilə əlindən gələni edir. Azərbaycan öz ərazisi çərçivəsində istənilən fəaliyyəti həyata keçirtməkdə sərbəstdir, buna görə isə Rusiya MN və onun 16 aydır ki, erməni silahlı birləşmələrini ərazilərimizdən çıxartmayan sülhməramlı kontingentindən icazə almaq niyyəti yoxdur”.
Hərbi ekspert bildirib ki, yaxın günlərdə sülhməramlı kontingenti üzərinə düşən vəzifəni yerinə yetirməyə məcbur olacaq:
” Müvəqqəti nəzarət etdikləri Azərbaycan ərazisindən erməni silahlı birləşmələri, onların texnikaları ən yaxın müddətdə çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan Ordusu mövcud yerdəyişmə proseslərini daha intensiv şəkildə həyata keçirəcək. Xatırladım ki, hazırda separatçı rejim rəhbərliyi hərbi vəziyyət elan etməklə daha geniş miqyaslı təxribatlara hazırlaşır”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


