Rusiya Müdafiə Nazirliyi yanvarın 10-na keçən gecə Saratov vilayəti səmasında Ukraynaya məxsus təyyarə tipli pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.
Editor.az hərbi idarənin məlumatına istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələri “Rusiya Federasiyası ərazisindəki hədəflərə terror hücumu həyata keçirmək” üçün PUA-dan istifadə etməyə cəhd edib.
Pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Saratov vilayətinin qubernatoru Roman Busarqinin sözlərinə görə, pilotsuz təyyarənin hücumu nəticəsində xəsarət alan olmayıb. “Əhalinin yaşadığı ərazilərin infrastrukturu üçün heç bir fəsad yoxdur. Bütün obyektlər normal rejimdə işləyir”, – deyə vilayət rəhbəri özünün Telegram kanalında yazıb.
Xatırladaq ki, sonuncu dəfə 2023-cü il noyabrın 16-da Saratov vilayətinə pilotsuz təyyarə ilə hücum cəhdi barədə məlumat verilib. Sonra vilayətin Balakovo rayonunda Ukraynaya məxsus PUA-nın qalıqları aşkar edilib.
//Samir Qurbanov, Editor.az

