“Rusiya mütəmadi olaraq Azərbaycanla bağlı bəyanatlarda ərazi bütövlüyümüzə qarşı hörmətsizlik edir”- Partiya başqanıbackend

“Rusiya mütəmadi olaraq Azərbaycanla bağlı bəyanatlarda ərazi bütövlüyümüzə qarşı hörmətsizlik edir”- Partiya başqanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın 26 və 27 mart tarixli saxta bəyanatları gözlənilməz deyildi. 200 ildir ki, Azərbaycana qarşı işğalçılıq siyasəti yeridən, məqsədinə çatmaq üçün ermənilərin cinayət alətinə çevirən, qurduğumuz cümhuriyyəti başımıza yıxan, torpaqlarımızda saysız soyqırımları törədən, Azərbaycanın düşünən beyinlərini repressiyalara məruz qoyan, məhv edən bir dövlətdən bundan artıq nə gözləmək olar? İllərdir, Rusiya Azərbaycanın torpaqlarının işğal altında qalmasına göz yumdu, hətta işğalın daha uzun müddət davam etməsi üçün əlindən gələni etdi”.

Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli səsləndirib.

Partiya başqanı bildirib ki, Rusiyanın dövlət qurumları mütəmadi olaraq Azərbaycanla bağlı bəyanatlarda ərazi bütövlüyümüz və suverenliyimizə qarşı hörmətsizlik edirlər:

“Azərbaycan Ordusunun Fərrux dağı istiqamətində irəliləməsi, çox önəmli postlarda yerini möhkəmlətməsindən sonra Rusiya Müdafiə Nazirliyinin arda-arda yaydığı məlumatlar onların bölgədə sülhün bərqərar olmasını, münaqişələrin bitməsini, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmasını arzulamadıqlarını bir daha sübuta yetirir. Məlumdur ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsinin bəndlərinin hələ də icra olunmaması bölgədə vəziyyəti gərginləşdirən başlıca amillərdəndir. Xüsusilə Bəyannamənin 4-cü bəndi – Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı birliklərinin Qarabağ ərazisindən qeyd-şərtsiz çıxarılması və ya tərksilah olunmasında israr edən rəsmi Bakı Azərbaycanın suveren ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası Sülhməramlı Kontingentinin bu istiqamətdə öz üzərinə düşən öhdəlikləri icra etmədiyi halda, bu işi öz imkanları vasitəsilə həyata keçirəcəyini dəfələrlə müxtəlif siyasi platformalarda bəyan edib”.

A. Əsədlinin sözlərinə görə prosesin uzandığı indiki məqamda rəsmi Bakının suveren haqlarına söykənərək Qarabağ İqtisadi Rayonuna daxil olan, hazırda erməni vətəndaşlarımızın yaşadığı yaşayış məntəqələrində qanunsuz silahlı birliklərin tərksilah olunması, o cümlədən, onların ölkəmizin suveren ərazilərində qanunsuz olaraq qurduqları döyüş-müşahidə postlarının, səngərlərin tamamilə sıradan çıxarılıb zərərsizləşdirilməsi prosesinə başlaması Rusiya Federasiyasının narahatlığına səbəb olub:

““Sülhməramlı” adı altında bölgəyə gələn Rusiya hərbçiləri elə ilk gündən missiyalarına zidd davranıblar. Bu barədə Azərbaycanın dövlət rəsmiləri və qurumları mütəmadi açıqlamalar verib. Biz heç vaxt rus hərbiçilərinin qanunlar çərçivəsində missiyalarına uyğun hərəkət etdiklərinə və edəcəklərinə inanmadığımız üçün onların obyektiv fəaliyyətinə də şübhə ilə yanaşmışıq. Yəni, bu açıqlamalar qədər onlar niyyətlərini hər addımda ortaya qoyublar. Bu məsələdə Qərbin mövqeyinin Rusiya ilə üst-üstə düşməsinə gəlincə, Ukraynada separatçılıqdan doğan dünya geo-siyasi tarazlığını təhdid edən hadisələrə adekvat münasibətdən fərqli olaraq, Azərbaycanda uzun illərdir, davam edən erməni separatçılığına yanaşmada ikili standart təəssüf doğurur. Həm Rusiya, həm Qərb ölkələri heç bir hüquqları olmadan Azərbaycan dövlətini, ordusunu 10 noyabr bəyannaməsinin imzalandığı günkü mövqelərə geri çəkməyə çağırış edir. Daha çox təəccüb doğuran məsələ isə ABŞ və Fransa rəsmilərinin bir-birinin ardınca Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, az qalsın, təhdid sayılacaq tonda mövqe sərgiləməsidir. Azərbaycanın xüsusilə ermənilər yaşayan suveren ərazilərində yuridiksiyasını bərpa etməsi onun müstəsna hüququdur. Ukraynada baş verənlərlə müqayisə etsək, ABŞ və Fransanın həmin ölkə ilə bağlı ortaya qoyduğu siyasi iradəni Azərbaycana münasibətdə görməmək haqlı olaraq ciddi suallar yaradır. Xüsusilə, Qərbin hazırda Rusiyaya qarşı apardığı siyasətin nüvəsində Ukraynanın bölünməsi, konkret olaraq Luqansk və Donetsk separatçı respublikalarının Rusiya tərəfindən bir dövlət olaraq tanınması prosesinin dayandığını bilirik. Kollektiv Qərb, xüsusilə bu məsələdə daha fəal olan ABŞ və Fransa Ukraynanın bölünməsini, onun şərqində açıq separatçılıq nümunəsi olan hansısa qondarma respublikaların yaranmasını yolverilməz hesab edərək Kremlin beynəlxalq hüququn fundamental prinsiplərini pozduğunu bəyan etməklə, Rusiyaya qarşı, demək olar, bütün sahələri əhatə edən “cəhənnəm sanksiyaları” tətbiq etməkdədir. Lakin analoji problemlə əlaqədar olaraq ölkəmizə qarşı ikili standart təəssüf doğurur!”.

“İstər Ukrayna, istərsə Azərbaycan illərdir, separatizmdən və işğalçılıq faktından əziyyət çəkir. Beynəlxalq ictimaiyyətin bu eyni hala fərqli yanaşma ortaya qoymasının altında xristian təəssübkeşliyindən irəli gələn ciddi səbəblər yatsa da, beynəlxalq hüquqa zidd olan mövqe sərgiləmək heç bir halda qəbul oluna bilməz. ABŞ və Fransanın timsalında dünya ictimaiyyəti Azərbaycanın müstəqil dövlət, öz ərazisində suveren hüquqlarını bərpa etməkdə tam haqlı olduğunu anlamalıdır. Azərbaycan ordusu suveren ərazisində hərəkət edib və dislokasiya edildiyi mövqelərdən geri çəkilməyəcək”.- Partiya sədri bildirib.

//Gülnarə Abasova, Editor.az