Rusiya narahatdır: “Qərb regionda fəaliyyətini artırmaq üçün səylərini gücləndirir”- Millət vəkili ŞƏRH EDİRbackend

Rusiya narahatdır: “Qərb regionda fəaliyyətini artırmaq üçün səylərini gücləndirir”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. Rusiyalı diplomatın sözlərinə görə, İrəvan və Bakı arasında vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verməmək lazımdır.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Rusiya rəsmisi “təşəbbüslərdə təkrarçılıq və rəqabət olmamalıdır” fikri ilə Azərbaycanla Ermənistan arasında münasibətlərinin tənzimlənməsinin və sülh müqaviləsinin imzalanmasının təşəbbüsü və təşkilatçılığının ancaq Rusiyanın iştirakı ilə davam etməli olduğunu demək istəyir:

“O, həm münasibətləri tənzimləyəcək istənilən təşəbbüsü dəstələyəcəyini bildirir, həm də Rusiyadan başqa heç bir təşəbbüsün regiona sabitlik gətirməyəcəyi haqqında xəbərdarlıq edir. Yəni, diplomatın açıqlamasında rəsmi  Moskva Qərbin təşəbbüslə regiona gəlməsinin əleyhinə olduğunu bildirir. Ermənistanın baş naziri Nikol Paşinyan isə son vaxtlar üzünü Qərbə döndərib və Moskvanı isə bu məsələ narahat edir. Paşinyan Moskvanın təşəbbüslərinə o qədər də əhəmiyyət vermir və bütün gücü ilə Qərbin regiona gəlməsinə yol açmağa çalışır. Çünki Paşinyanı Qərb hakimiyyətə gətirəndə onun qarşısında icra etməli vəzifələr də qoyulub və indi həmin vəzifələri icra etməyə çalışır. Bu da Ermənistanın sülh müqaviləsi imzalamaqdan uzaq olduğunu göstərir. Azərbaycanın mövqeyi isə açıqdır. Ölkəmiz üçün isə normallaşma prosesinin kimin təşəbbüsü ilə baş tutacağı o qədər də əhəmiyyət daşımır. Bizim üçün əsas məsələ Ermənistanla imzalanacaq hər bir sənəddə ölkəmizin süveren ərazilərinə hörmətlə yanaşılmasıdır. Bununla yanaşı, nə Qərb, nə də Rusiya regiona sülh və sabitlik gətirməyəcək. Çünki torpaqlarımız işğal altında olduğu 30 ildə heç bir dairə torpaqlarımızın işğaldan azad olunmasına və Ermənistan Azərbaycan arasında  münasibətlərin beynəlxalq hüququn tələblərinə uyğun tənzimlənməsinə töhfə vermədi. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına  kənar güclərin iştirakı olmadan ancaq iki ölkə arasında danışıqlar vasitəsilə nail olmaq olar. Kənar güclərin məqsədi isə Cənubi Qafqaz regionunda söz sahibi olmaq üzərində mübarizə aparmaqdır və bundan ölkəmizə heç vaxt xeyir gəlməyəcək”.

//Gülnarə Abasova, Editor.az