RUSİYA NİYƏ NEYTRAL DAYANIB? – “Hərbi əməliyyat tamamilə legitimdir, Qərbdə bunu anlayırlar”backend

RUSİYA NİYƏ NEYTRAL DAYANIB? – “Hərbi əməliyyat tamamilə legitimdir, Qərbdə bunu anlayırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu günə olan beynəlxalq reaksiyaları qənaətbəxş saymaq olar. Təbii ki, hamımıza məlum olan səbəblərdən ilk növbədə Rusiyanın reaksiyası önəmli idi. Moskva hələ ki, təmkinli davranır. Onun Ermənistana və ya oradakı hərbi bazasına hərbi texnika göndərməsi rutin prosesdir, bu, o qədər də önəmli deyil”.

Bu fikirləri siyasi təhlilçi Şahin Cəfərli Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsi ilə bağlı başladığı hərbi əməliyyatlara beynəlxalq reaksiyaları qiymətləndirərkən deyib.

Ekspert Rusiyanın mövqeyi ilə əlaqədar bəzi ehtimallar irəli sürüb: “Ola bilər ki, Azərbaycan və Rusiya arasında (yaxud Azərbaycan-Türkiyə-Rusiya üçbucağında -red) hansısa anlaşma, ya da ən azından bu mərhələ üçün qarşılıqlı anlayış əldə edilib. Bu səbəblə, Rusiya Azərbaycana fürsət pəncərəsi açıb və onun hərbi aktivliyinə müəyyən müddət göz yumacaq.

Ş.Cəfərlinin sözlərinə görə, bu ehtimal doğrudursa, onda Rusiyanın Azərbaycandan nə alacağı da önəmlidir: “Ümid edirəm, Avrasiya İttifaqına üzvlük, Rusiya sülhməramlılarının münaqişə tam həll olunmadan bölgədə yerləşdirilməsi kimi qərarlar olmayacaq. Rusiya sülhməramlı kontingentinin yalnız beynəlxalq missiyanın tərkibində, neytral Avropa ölkəsi zabitinin komandanlığı altında ölkəmizə gəlişinə razılıq vermək olar. Amma bundan öncə Azərbaycanın bütün işğal edilmiş ərazilər, o cümlədən Dağlıq Qarabağ üzərində suverenliyini təmin edəcək sülh müqaviləsi imzalanmalıdır”.

Təhliçi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yeni səviyyəyə yüksəlməsinin, ölkəmizdə Türkiyənin hərbi mövcudiyyətinin Rusiyaya çəkindirici təsir göstərərək onun öz siyasətinə korrektələr etməsinə səbəb olmasını da mümkün sayır: “Moskva burada Türkiyənin daimi hərbi mövcudiyyətində maraqlı deyil və ola bilsin, yuxarıda bəhs etdiyim razılaşmanın mahiyyəti budur ki, Rusiya Azərbaycanın hərbi əməliyyatlarına müəyyən zaman aralığında göz yumur, vaxt bitdikdən sonra isə türkiyəlilər buradan çıxır”.

“Bu da istisna edilmir ki, ortada hər hansı anlaşma-filan yoxdur və Kreml erməni xalqını inqilab törətdiyinə peşman etmək, Rusiyaya qarşı nankorluğuna görə onu cəzalandırmaq üçün Azərbaycan və Türkiyənin aktivliyinə bir müddət dözümlü yanaşacaq. Ermənilər öz səhvlərini anladıqdan və onu Azərbaycan və Türkiyənin əlindən yalnız Rusiyanın qurtara biləcəyini başa düşdükdən, bir növ, Moskvanın ayağına qapandıqdan sonra Kreml siyasi səviyyədə lazımi müdaxilələri edib, Azərbaycanı dayandıracaq”, – o vurğulayıb.

Siyasi təhlilçi Qərbdən və dünyadan gələn reaksiyaları isə normal sayır: “Hazırkı situasiyada onların tərəfləri atəşkəsə çağırması adekvat reaksiyadır. Azərbaycan ordusu ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi əməliyyat aparır və bu, tamamilə legitimdir. Qərbdə bunu anlayırlar. Vasitəçilər ABŞ və Fransa münaqişənin həllinin məhz Ermənistanın güzəştsiz mövqeyi səbəbindən bu qədər uzandığını çox yaxşı bilirlər. Yadınızdadırsa, ABŞ-ın Ermənistandakı bundan əvvəlki səfiri heyrətlə söyləmişdi ki, ermənilər nəinki Dağlıq Qarbağ məsələsində, hətta ətraf rayonlarla bağlı da kompromisə hazır deyillər. Bu üzdən, əgər Azərbaycanın hərbi təzyiqi nəticəsində erməni tərəfi yola gələcəksə, bu, Qərbin maraqlarına zidd olmayacaq”.

Ş.Cəfərli Azərbaycan rəhbərliyinin apardığı uğurlu diplomatiyanı da qeyd edib. “Sərt gücün işə düşməsinə məhz bu diplomatiya yol açıb”, – deyə o vurğulayıb.

“AzPolitika.info”