“Rusiya təyyarələri Odessa vilayətinə raketlərlə hücum edib”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə “Cənub” hava komandanlığının ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.
Hərbçilərin məlumatına görə, ruslar cənub rayonlarına havadan hücum etməkdə davam edir. Xüsusilə, səhər saatlarında Qara dəniz üzərindən Odessa bölgəsinə uçan taktiki təyyarələrdən iki raket atılıb. Hər iki hədəfin uğurla aradan qaldırıldığı qeyd edilir.
“Noyabrın 1-də Cənub Hərbi Hava Komandanlığının Odessa zenit-raket briqadası dəniz üzərində Rusiya taktiki təyyarələrindən atılan və Odessa vilayəti istiqamətində hədəflənmiş iki ədəd “X-59” idarəolunan təyyarə raketini məhv edib”, – məlumatda deyilir
Xatırladaq ki, oktyabrın 30-da səhər saatlarında Rusiya ordusu Odessa vilayətinə , xüsusən də gəmi təmiri zavoduna “İsgəndər-M” raketləri ilə hücum edib. Hər üç ballistik raket gəmiqayırma zavodunun ərazisinə və yaxınlığına düşüb. Zərbə inzibati binanı dağıdıb.
//Safura Bənnayeva, Editor.az

