Fevralın 20-nə keçən gecə Rusiya Federasiyası Ukraynanın qaz infrastrukturuna iri raket və pilotsuz təyyarələrlə zərbə endirib. Moskva ölkədə “mavi yanacağın” istehsalını dayandırmağa çalışır.
Energetika naziri German Qaluşenko “Facebook” sosial şəbəkəsində istehsalat obyektlərinin zədələndiyini qeyd edib, lakin hadisənin dəqiq harada olduğunu açıqlamayıb. “Bu hücumların məqsədi məişət ehtiyacları və mərkəzləşdirilmiş istilik üçün lazım olan qazın istehsalını dayandırmaqdır”, – nazir bildirib.
O, həmçinin vurğulayıb ki, mütəxəssislər dəymiş ziyanı qiymətləndirir və qəza-bərpa işləri aparırlar. Nazirin sözlərinə görə, ruslar qəsdən mülki infrastruktura zərbələr endirməkdə davam edir, onların nümayəndələri isə bunun əksi barədə bütün dünyaya yalan danışırlar.
//Samir Qurbanov, Editor.az

