“Ermənistanın işğaldan azad olunmuş ərazilərimizdə hələ də mina basdırmağa davam etməsinə, Üçtərəfli Bəyannamənin şərtlərinə əməl olunmamasına baxmayaraq beynəlxalq güclər tərəfindən Ermənistana hər hansı bir cəza verilməyib. Çünki Ermənistan 30 il ərzində Azərbaycanın 20% torpaqlarını işğal altında saxlayaraq daha böyük bir cinayət törətmiş, bir milyona yaxın insan öz yurdlarından didərgin salınmışdı. Beynəlxalq hüquqda bundan böyük bir cinayət tərkibli davranış yoxdur”.
Bu fikirləri Editor.az-a açıqlama verən politoloq Natiq Miri bildirib.

Onun sözlərinə görə, 30 ildə Ermənistana istər iqtisadi, istərsə də hərbi cəhətdən hər hansı bir sanksiya tətbiq olunmadı:
“ Ona görə də minaların yenidən basdırılması kimi hərbi cinayətlərə görə beynəlxalq güclər tərəfindən Ermənistana qarşı hansısa bir cəza tədbiri həyata keçiriləcəyini düşünmürəm.Çünki dövriyyəyə dərhal xristian faktoru girir və məhz bu amil Ermənistana güc tətbiq edilməsinə imkan vermir. Müəyyən mənada texniki və maliyyə cəhətdən Azərbaycana yardım edəcəklərini vurğulasalar da bu yalnız Cənubi Qafqaza, Azərbaycan-Ermənistan kontekstində prosesdən kənarda qalmamaq, yenidən regiona qayıtmaq üçün edilir. Konkret geosiyasi hədəflər, maraqlar olmasa, xristian dövlətləri Azərbaycana zərrə qədər yardım etmək istəməz. Çünki bu dövlətlər yalnız öz maraqları kontekstində hərəkət edirlər”.
Politoloq bildirir ki, Rusiya indiki vəziyyətdə Ermənistana cəza tətbiq etməyəcək:
” Rusiya sadəcə özünün geosiyasi maraqları kontekstində Azərbaycan-Ermənistan münasibətlərinə qismən ədalətli davrana bilər. Qarabağda mövcud olan qanunsuz erməni silahlı birləşmələri qısa zamanda Qarabağdan çıxarıla bilər, separatçı rejim tamamilə ləğv olunub Qarabağı tərk edə bilər. Rusiya güvəniləcək bir müttəfiq deyil. Əvvəl olduğu kimi Rusiya öz geosiyasi maraqları kontekstində çıxış etməkdə davam edəcək. Azərbaycan “Qisas”əməliyyatı kimi elə bir yol tutmalıdır ki, həm Ermənistan, həm də onun havadar dövlətləri Azərbaycanın yaratdığı yeni reallıqlarla barışsın və ədalətli davransın”.
// Safura Bənnayeva, Editor.az

