“Rusiya, Azərbaycan, Ermənistan baş nazir müavinləri arasında üçtərəfli birgə kommisiyanın işinin yenidən fəaliyyətə başlaması sadəcə Ermənistana vaxt qazandırır . Kommisiyanın yenidən bərpası bizə heçnə verməyəcək. Bununla nə sərhədlərin delimitasiya prosesinin həyata keçirilməsi, nə də 10 noyabr və 11 yanvar bəyannaməsinin şərtlərinə əsasən kommunikasiyaların açılması məsələsi öz həllini tapmayacaq. Əgər, kommisiyanın fəaliyyəti ilə bu məsələlər öz həllini tapacaqsa, o zaman bu günə qədər də tərəflər arasında bir güllə belə açılmamalı idi”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, bildirib ki, Ermənistan artıq gün ərzində cəbhənin bir neçə istiqamətində atəşkəsi pozur:
“Ermənilər yalnız sülhməramlıların fəaliyyət göstərdikləri ərazilərdə deyil, Ermənistan- Azərbaycan dövlət sərhəddində də təxribatlar törətməkdə davam edirlər. Bu onu göstərir ki, Rusiya proseslərdə vasitəçi olmaq niyyətində deyil, sadəcə öz qoşunlarını Qarabağa gətirmək niyyətindədir. Rusiya üçün maraqlı olan odur ki, özünün xarici siyasəti Cənubi Qafqazda təmin olunsun. Rusiya əlində olan bütün imkanlarla Azərbaycana təzyiq etməyə çalışır. Hələ ki, Rusiya rəsmiləri tərəfindən sülh müqaviləsini imzalamağa vasitəçi olacaqları ilə bağlı heç bir bəyannamə verilməyib. Rusiya sadəcə dildə status- kvonu saxlamaq, tərəfləri sakitliyə riayət etmək, atəşkəsi pozmamağa dəvət edir”.
Politoloqun sözlərinə görə nə üçtərəfli kommisiyanın bərpası, nə də dövlət başçıları səviyyəsində keçirilən görüşlərdə Azərbaycan nə qədər çalışsa da, Rusiya və Ermənistan tərəfi məsələnin həlli ilə bağlı yekun razılığa gələ bilməyəcək:
“Çünki onların məqsədi bölgədə sülhün və əmin-amanlığın təmin olunması deyil. Rusiya son günlər açıq şəkildə Ermənistana silah ötürməsi, erməni silahlı birləşmələrinin “sülhməramlılar”ın fəaliyyət göstərdikləri ərazidə hərbi təlimlər keçməsi onu göstərir ki, məqsəd heç də sülhə getmək deyil. Azərbaycan baş verənlərə səssiz qalmayacaq, lazımi addımlar atılacaq. Prezident İlham Əliyev də “CNN Türk”kanalına verdiyi müsahibədə də bildirdi ki, Rusiya Emənistanla müttəfiq, Azərbaycanla qonşudur. Bundan sonrakı proseslərdə də biz yalnız Rusiya ilə qonşu ola bilərik”.
//Gülnarə Abasova, Editor.az

