“Mövcud geosiyasi durum onu göstərir ki, artıq dünya yenidən qütbləşmə və qarşıdurmalar dövrünə keçir. Rusiyanın Ukraynaya hücumu ilə başlayan hadisələr və bunun sonrasında Rusiya ilə Avropa və Qərbin əlaqələrinin sanksiyalar nəticəsində qırılması artıq bu əlaqələrin düzəlməsinin uzun zaman alacağı, hətta xeyli müddət düşmən səviyyəsində qalacağını göstərir. NATO ölkələri olan Pribaltika ölkələrinin Rusiya və Belarusla sərhəd olmaları, onları müdafiə tədbirləri həyata keçirməyə məcbur edir. Bunun bütün Rusiya-NATO sərhədi boyunca reallaşması mümkündür”.
Bu sözləri Editor.az-a açıqlamasında pollitoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, bütün sərhəd dövlətlər özlərini Rusiyadan qorumağa hazırlaşır:
“Rusiyanın onlara hücum etmək ehtimalına qarşı hazırlıq görürlər. Təbii ki, bu ehtimalın olması Ukrayna müharibəsinin nəticəsinə görə olacaq. Amma hadisələrin gedişi onu göstərir ki, buna imkan verməyəcəklər. Buna baxmayaraq ehtiyat tədbir kimi NATO öz işini sağlama alır. Rusiya isə elə bir oyunun içinə düşüb ki, burdan çıxmaq hələlik mümkün görünmür. Rusiya bu oyundan ya məğlub, ya da indiki vəziyyətdə çox zəifləmiş çıxmalıdır. Rusiya öz yanlış siyasətinin qurbanına çevrilib. İndi də düşdüyü oyunda çabalayıb durur. Əraziləri bombalanır, işğal edilir. Hesab edirəm ki, Rusiya daha da zəifləyib əldən düşməmiş öz siyasətinə yenidən baxmalıdır. Ziyanın yarısından qayıtmalıdır, hansı ki bu, elə-belə ziyan deyil. Yüz minlərlə insan və imic itkisi ilə müşayiət olunur. Bundan sonrakı proseslər Rusiyanın dağılması istiqamətində gedəcək. Odur ki, son söz rus xalqındadır”.
//Gülnarə Abasova, Editor.az